“Artıq bu mövzuda mahnılar daha nikbin, şən abu-havalı ifalarla əvəzlənir” – Yusif CƏFƏRBƏYLİ
“Ən böyük arzum xalqımızın qalibiyyət, zəfər içində, firavan yaşaması və yeni yazılan mahnıların daha şən, ritmik, xoş əhval-ruhiyyəli olmasıdır”
“İNFONEWS” xəbər verir ki, bunu Respublika müsabiqələri laureatı, gənc xanəndə Yusif Cəfərbəyli müsahibəsində söyləyib. İstedadlı gənc xanəndə yeni ildə yeni “Qarabağlı qız” mahnısını geniş dinləyici auditoriyasına təqdim edib.
Yusif Cəfərbəyli bildirilib ki, mahnının sözləri və musiqisi Əməkdar mədəniyyət işçisi, uzun illər Ağdamda fəaliyyət göstərən “Şur” ansamblının bədii rəhbəri Fərhad Paşayevə məxsusdur. Mahnının ilk ifaçısı respublikanın Əməkdar artısti Elza Qaybalıyeva olub.
“Mahnını oxumazdan əvvəl həm Fərhad müəllimdəm, həm də Elza xanımdan məsləhətlər, ən əsası isə, xeyir-duasını almışam. Qeyd edim ki, sənətkarlarımız bu mahnını trio şəklində, sırf xalq üslubunda ifa ediblər. Amma biz mahnını yeniləməyə, fərqli olmasına çalışdıq. Bu səbəbdən də, mahnının aranjimanının istedadlı sənətkar, peşəkar ud, tar ifaçısı İdris Hüseynov tərəfindən edilməsini xüsusilə vurğulamaq istərdim. Mahnının əvvəlində muğam parşası ifa etmişəm, həmin parça da unudulmaz Xalq şairi Süleyman Rüstəmə aiddir. Ümumiyyətlə, mahnı Şur muğamı üstündədir, yəni daha şirin, işvəli, şən əhval-ruhiyyəlidir”, – deyə gənc xanəndə bildirib.
“Xüsusilə qeyd edərdim ki, Qarabağımızın uzun illər işğal altında olması xalq musiqimizdə də öz əksini tapmışdır ki, ifalar daha həzin, kədərli, nisgilli idi. Hazırda isə möhtərəm Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi, uğurlu siyasəti, Müzəffər Ordumuzun yenilməz igidliyi, Şəhidlərimiz və qazilərimizin qanı-canı bahasına doğma torpaqlarımız işğaldan azad edilib. Və artıq Qarabağ və bu mövzuda mahnılar daha nikbin, şən abu-havalı ifalarla əvəzlənir. “Qarabağlı qız” mahnısını da elə bu qəbildən saymaq olar. Həm musiqisi, həm sözləri xoş ahəng təşkil edir”, – Yusif Cəfərbəyli əlavə edib.
Yusif Cəfərbəyli müsahibənin sonunda mahnının ərsəyə gəlməsində bütün əziyyəti keçənlərə, eləcə də öz dəstəyini üzərindən əsirgəməyən ustadı, Azərbaycan Respublikasının Əməkdar artısti, xanəndə dosent Təyyar Bayramova təşəkkürünü bildirib.
“Qarabağlı qız” mahnısını təqdim edirik: