Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən və Gənclərin Tərəqqisinə Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ Gənclərinin Şəbəkələşmə Proqramı” çərçivəsində Qarabağda ilk dəfə olaraq “Qarabağ Gənclərinin I Şəbəkələşmə Forumu” keçirilib.
Forumda Qarabağ regionunda fəaliyyət göstərən gənclərlə çalışan dövlət qurumlarının rəhbərləri və məsul şəxslərinin iştirakı ilə baş tutub. Layihə rəhbəri Etiram Sadıqzadə açılış nitqində son illərdə ölkəmizdə gənclərin inkişafı üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib və “Qarabağ Gənclərinin Şəbəkələşmə Proqramı”nın bu istiqamətdə önəmli rol oynayacağını vurğulayıb.
Forum çərçivəsində “Heydər Əliyev: Təhsil və gənclər siyasəti”, “Gənclərin karyera quruculuğu: Təhsilin önəmi”, “Müasir Azərbaycan Gənci: İctimai fəal gənclər” mövzularında panel müzakirələr keçirilib. Etiram Sadıqzadənin moderatorluğu ilə keçirilən “Müasir Azərbaycan Gənci: İctimai fəal gənclər” adlı müzakirədə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, karyera məsləhətçisi və təlimçi Həmid Hüseynov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun baş məsləhətçisi Zeynal Rəşidli gənclərin ictimai aktivliyinin əhəmiyyətindən danışıb, iştirakçıların suallarını cavablayıblar.
“Gənclərin karyera quruculuğu: Təhsilin önəmi” adlı panel sessiyada psixoloq Məhbubə İbrahimlinin moderratorluğu ilə Füzuli rayonu Qarabağlar kənd orta məktəbin direktoru, ETN VII və VIII qrant müsabiqələrinin qalibi Əlhüseyn Yaqubov, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin təlim-tərbyə işləri üzrə direktor müavini, ETN IV və VII qrant müsabiqələrinin qalibi Aynur Baxşəliyeva və Xocavənd rayon 4 nömrəli tam orta məktəbin UBTR, “İncəsənət otağı” layihəsinin rəhbəri Ləman Cəfərova mövzu ilə bağlı sualları cavablandırıb, sualları cavablayıblar.
Panel müzakirə sessiyalarının ardında Etiram Sadıqzadə tərəfindən “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib.
Forumun yekunu olaraq Qarabağ Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə layihənin davamlılığını təmin etmək məqsədilə Qarabağ regionuna daxil olan hər bir rayonda (şəhərdə) yerli forumların keçirilməsi qərara alınıb. Bu addım sayəsində daha çox gənc şəbəkələşmə imkanlarına sahib olacaq və regiondakı gənclərin ictimai fəallığı daha da artırılacaq.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.
