“Bu şəxslər saxtakarlıqla məşğul olub, gənclərimizi yalnış yola istiqamətləndirirlər” – Fariz Vəliyev
“İNFONEWS” xəbər verir ki,
Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev gənclərə müraciət edib:
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai-həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və vətəndaş cəmiyyətinin böyük bir hissəsini təşkil edir.
Keçən ilin aprel ayından etibarən onlayn platforma üzərindən “Akademiyalar” fəaliyyət göstərməyə başlayıblar. Həmin “Akademiyalar”ın bir neçəsi ilə əməkdaşlıq etməyə çalışdım. Bir müddət keçdikdən sonra gördüm ki, onlar saxtakarlıqla məşğul olur, fotoşopda qeyri-qanuni ştamplar düzəldir, bir az dərindən araşdıranda isə məlum olur ki, həmin “Akademiyalar” heç dövlət qeydiyyatına alınmayıblar. Bəzən bir çoxunun təlimlərinə qatılıram; 16-17 yaşında xanım çıxıb, özünü biznes kouçu adlandırır, yaxud yalnız sözdə vətənpərvər olanlar bu mövzuda tədbirlər təşkil edir, naməlum “müəllim”lər gənclər siyasətindən danışırlar. Nəticədə həmin şəxslər gənclərimizi yalnış yola istiqamətləndirirlər. Bəzi “Akademiya” rəhbərlərindən hüquqi ünvan soruşanda, bizə “WhatsApp” qrup linki göndərir, fəaliyyət istiqaməti haqqında isə “biz hər şey edirik” – deyə, cavab verirlər.
Tezliklə aidiyyatı orqanların bu barədə ciddi tədbirlər görəcəyinə inanıram. İşləmək istəyən şəxslər gedib müxtəlif fondlarda, İctimai Birliklərdə fəaliyyət göstərə bilərlər, Cənab Prezident hər zaman gəcnlər siyasətini dəstəkləyib və biz həmişə cənab Prezidentin biz – gənclərə olan diqqət və qayğısını görmüşük. Mənim fikrimcə, belə saxta akademiyalar, MMC şirkətlər qurmağa ehtiyac yoxdur.
Qeyd edək ki, Azərbaycan Gənclik Platforması 2015-ci ilin aprel ayından Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərməyə başlayıb. Təşkilatın ilk dövlərdəki məqsədi Türkiyədə təhsil alan azərbaycanlı tələbələr arasında birlik və bərabərlik qurmaq idi. Hazırda təşkilatın həyata keçirdiyi əsas fəaliyyət istiqaməti, eləcə də keçirilən göüş və tədbirlər (elmi seminar, konfrans və müxtəlif səpkili vebinarlar da daxil olmaqla) gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasına köklənərək, gənc nəslin sosial, intellektual və mənəvi inkişafında irəliləyişə nail olmaq, onların ictimai fəallığını artırmaq və ölkənin beynəlxalq aləmdə müsbət təbliğini aparmalarını təşkil etməkdir.
Müraciətin videosunu təqdim edirik: