Bakıda avstraliyalı musiqiçi Con Varneylə görüş keçiriləcək
Aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar və pedaqoq Con Varneylə “Daxili dənizləri sərhəd olan ölkələrdən musiqi” adlı musiqili görüş keçiriləcək.
“İNFONEWS” – a verilən məlumatda bildirilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə təşkil olunacaq musiqili tədbirdə ifaçı Con Varney öz yaradıcılığı və ümumi musiqi barədə çıxışı ilə bərabər əsrarəngiz musiqi nömrələri təqdim edəcək. Avstraliyalı kontrabas ifaçısını Azərbaycan Milli Konservatoriyasının əməkdaşı, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Nərmin İsgəndərova müşayiət edəcək. Peşəkar musiqiçilərin təqdimatında dünya və Azərbaycan bəstəkarlarının klassik əsərlərindən nümunələr səsləndiriləcək.
Qeyd edək ki, Con Varney ömrünün çox hissəsini kontrabas ifaçılığına həsr edib. O, Melburn və Sidneydə musiqi təhsili alaraq, daha sonra peşəkar orkestrlərdə ifa etməyə başlayıb. Bu isə onun dünyanın ən böyük kontrabas ifaçılarından və pedaqoqlarından biri olan Franko Petrakçidən musiqi təhsili almasına səbəb olub. Peşəkar ifaçılığı ilə yanaşı C.Varney həm öz vətənində, həmçinin Cənubi Amerikada, Kolumbiyada pedoqoqluğa başlayıb. Avstraliyalı kontrabas ifaçısı dünya instrumental musiqisi ilə yanaşı bir çox klassik Azərbaycan bəstəkarlarının əsərlərini də kontrabas alətinə uyğunlaşdıraraq, özünəməxsus tərzdə ifa edir.