“Sarı kəpənəyin MƏTANƏT HEKAYƏSİ” – SÖHBƏT

“Sarı kəpənəyin MƏTANƏT HEKAYƏSİ” – SÖHBƏT

Bütün ciddi dəyişikliklər çətin, ağrılı yoldan keçir və məhz möhtəşəm çevrilişlər əzm, zəhmət, iradə, əsasən də, mətanət sayəsində baş verir. Bu baxımdan kəpənək, sadəcə, təbiətin zərif, əsrarəngiz bir parçası deyil, həm də insan ruhunun incəliklərini və həyati mübarizənin nəticəsini özündə simvollaşdırır. Çünki kiçik bir sürfə həyatına təbiətin sərt mühitinə qarşı, eləcə də daxilində mübarizə aparmaqla başlayır. Təbiət ona öz quruluşunu dəyişmək üçün yalnız bir fürsət verir. Həmin balaca tırtıl zamanla öz kimliyini itirərək, içindəki gizli gücün sərhədlərini aşır, qaranlığı yarıb, dünyaya dönüş edir, yeni bir formada işığa doğru yol salır. Bu yolda o, yalnız gözəlliyi təqdim etmir, həm də gücü və həyatın mənasını simvolizə edir. Kəpənək zərif qanadlarının hər çırpıntısı, rəngləri və nəcibliyi ilə dünyanı fəth edir. O, artıq öz həyat eşqi ilə bir çox insanın ruhuna toxunub, ona baxan hər kəsin içində gizli olan gözəlliyi görməyə, həm də öz mübarizələrinin əhəmiyyətinin dərkinə sövq edir.

Hər şeyin kəpənəkdən başladığını deyən, kəpənəyi özünə həmdəm sayıb “Söhbət”ləşən, bəlkə bilərəkdən, bəlkə də bilməyərəkdən ilk kitabına “Kəpənəyin saldığı yol” adı verən, çox böyük təəssüf ki, ömrü də kəpənək ömrü qədər olan Prezident Mükafatçısı, təlimçi, psixoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Gəl birlikdə darıxaq”, “Şeir terapiyası” kitablarının müəllifi, gənc yazar, istedadlı şairə Mətanət Qüdsinin yaradıcılığına müraciət etdik.

“İNFONEWS” Mətanət Qüdsinin əziz xatirəsinə həsr olunan “Sarı kəpənəyin MƏTANƏT HEKAYƏSİ”ni təqdim edir.

SÖHBƏT

Sakit yaz aylarıydı…
Oturmuşdum bağda tək.
Gəlib qondu ovcuma,
Birdən sarı kəpənək.
Sən, nə edirsən? – dedi.
Darıxıram -, söylədim.
Dedi: “Artıq mən varam,
Darıxmağın nədəndi?”
Söylədi: “Məni dinlə,
Çox üz vermə qüssənə!
Gün gələr gözəlləşər,
Həyat gülər üzünə.
Adın kimi ol mətin,
Çalış göstər dəyanət.
Getməz bada zəhmətin,
Mətin ol, ay Mətanət!”
***
Məktəbdə oxuyan uşaq olmadım.
Mənim də hər fəsil məktəbə gedib,
Dərslərdən bezdiyim günün olmadı.
Kefinə düşəndə bir misal yazıb,
İlliyə beş çıxan rübüm olmadı.
Olmadı mənim də azad baxışım,
Sinif qızları tək dəblə yarışım.
Hər dərsin axırı, son dəqiqəsi
Tənəffüs ardına hazır qaçışım.
Qara önlüyüm tək qaraydı bəxtim,
Tapşırıq yazırdı müəllim yox, həkim.
Bir sual gəzirdi sol tərəfimdə
Sənin taleyinə neçə gül əkim?
Məktəbin zənginə açılırdı göz,
Yalvarıb, ağrıma, deyirdim ki, döz!
Yaşıdım məktəbdə, günüm təbibdə,
Qanmadı fələyim bircə dəfə söz …

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir