Təhsil İdarəsidən yeni layihə – “Dəyərlərimizi qoruyaq!”

Təhsil İdarəsidən yeni layihə – “Dəyərlərimizi qoruyaq!”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verib.

“İNFONEWS” – in BŞTİ-dən əldə etdiyi məlumatında bildirilib ki, layihə çərçivəsində təhsil müəssisələrində “Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu”, “Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” və “Türk tarixinə səyahət” mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, “Dəyərlərimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiyalar, konsert proqramları, “Açıq dərs”lər, sinif təşkilat saatları, dəyirmi masa, diskussiya, intellektual müsabiqə, yarış və sosial aksiyalar, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması planlaşdırılır.

“Qardaşlaşmış məktəblər” təşəbbüsünə və OCEP proqramına qoşulmuş ümumi təhsil müəssisələri, eləcə də UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərdə “Dəyərlərimizi qoruyaq!”, məktəb kitabxanalarında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı tədbirlər, “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri və “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı milli musiqi günləri, “Konstitusiya və suverenlik” mövzusunda dərslər təşkil olunacaq.

Həmçinin layihə çərçivəsində təhsil müəssisələrində mövzu ilə bağlı layihələrin, istedadlı şagirdlər tərəfindən milli və mənəvi dəyərlərimizin qorunması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr (əsərlər) əsasında tamaşaların nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, məktəblilərin dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi və şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsindən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir