“İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi”- Konfrans

“İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi”- Konfrans

Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans olub.

“İNFONEWS” xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Konfrans Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib: “Heç kimə sirr deyil ki, tarixdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin yürütdüyü siyasət – Azərbaycanın iqtisadi inkişafına təkan verən “Əsrin müqaviləsi”nin imzalanması, nizami ordunun formalaşdırılması, diplomatik əlaqələrin genişləndirilməsi, ölkəmizin beynəlxalq təşkilatlara, dünya arenasına inteqrasiyası, eləcə də, milli həmrəyliyin təmini ölkəmizi tarixin bütün sınaqlarından üzüağ çıxardı. Ümummilli Lider Heydər Əliyev həssas kateqoriyadan olan bütün şəxslər kimi veteranlara da daim qayğı və diqqət göstərib, onların sosial problemlərinin həllini, cəmiyyətin ictimai həyatında aktiv iştirakının təmin olunmasını daim diqqət mərkəzində saxlayıb. Qürurvericidir ki, Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib və nəticədə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edərək işğaldakı torpaqlarımızı azad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Zəfər, “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflə həkk edilib. Əminəm ki, Ordumuzun bu şanlı Qələbəsi illər, əsrlər sonra da daim ehtiram hissi ilə xatırlanacaq, tədqiq ediləcək, öyrəniləcək və təbliğ olunacaq”.

Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi və 8 Noyabr Zəfərinin hərbi-siyasi əhəmiyyətindən bəhs edib:“44 günük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı Zəfəri əhəmiyyətli edən çoxsaylı amillərdən biri Qələbə nəticəsində erməni faşizminin darmadağın edilməsi, 30 illik işğal probleminə son qoyması oldu. Lakin 8 Noyabr Zəfərinin əhəmiyyəti bununla yekunlaşmır. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə əldə edilən 8 Noyabr Zəfərinin ən mühüm nəticələrindən biri də bu Qələbənin milli özünütəsdiqimizi təmin etməsi oldu. Azərbaycan bu tarixi Zəfərlə özünü beynəlxalq aləmdə, dünya xalqları içərisində bir daha təsdiq etdi. Xalqımız sübut etdi ki, heç kim, heç bir qüvvə onun iradəsini qıra, onu məğlubiyyətlə barışmağa vadar edə bilməz. Bu gün Azərbaycan Ordusu dünya orduları arasında ilk yerlərdən birini tutur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uğuru olmaqla yanaşı, Prezident İlham Əliyevin xalqımızın, dövlətimizin müdafiə və təhlükəsizliyinə verdiyi önəmi göstərir. Azərbaycan bu gün dünyada sülh və təhlükəsizlik ölkəsi kimi tanınmaqdadır. Prezident İlham Əliyevin 8 avqust Vaşinqton görüşü, eləcə də Çinə səfəri əsnasında keçirdiyi görüşlər, verdiyi bəyanatlar dövlətimizin diplomatik və siyasi qələbəsi kimi dəyərləndirilməlidir. İnanıram ki, xalqımız bu günə qədər olduğu kimi, bundan sonra da Prezidentimizi dəstəkləməkdə, dövlətimizin başçısının ətrafında sıx birləşməkdə davam edəcək, həmrəyliyimiz gələcək uğurlarımız üçün zəmin formalaşdıracaq”.

Tədbirdə çıxış edən Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, Gənclər və idman sektorunun müdiri Araz Əliyev, Vətən müharibəsi əlili Nurlan Mazanov Azərbaycan dövlətinin inkişaf tarixi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından danışıblar.

Konfransın sonunda rayon ziyalısı İbrahim İbrahimovun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatına namizədliyi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir