
Arzu MƏMMƏDOVA
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Kitabxana İnformasiya Mərkəzi (KİM) 24/7 kitabxanasının müdiri
Akademik kitabxanalarda yeni dövrün başlanğıcı
UNEC 24/7 KİTABXANASI RƏQƏMLƏRDƏ
Müasir kitabxanalarda fəaliyyət istiqamətləri üzərindən aparılan təhlillər kitabxana idarəçiliyində böyük dəyişikliklərə səbəb olmuşdur. Oxucu-istifadəçi ehtiyaclarının, oxu vərdişlərinin və resursların istifadəsinin davamlı analiz olunması kitabxanaların xidmətlərini daha məqsədyönlü və effektiv qurmasına imkan verir. Bu təhlillər sayəsində kitabxanalar həm fiziki, həm də rəqəmsal resurslarını optimal şəkildə idarə edir, oxuculara fərdiləşdirilmiş və zamanına uyğun xidmətlər təqdim edir. Belə yanaşma, həmçinin kitabxana əməkdaşlarının iş yükünü və resurs paylanmasını daha səmərəli planlaşdırmağa şərait yaradır.
“İNFONEWS” təqdim edir.
Son illərdə UNEC KİM-in 24/7 kitabxanası fəaliyyətinə datalar üzərindən yanaşaraq, yeni dövrlə ayaqlaşmağa çılışır. Kitabxana müasir analiz vasitələrindən istifadə edərək oxucu-istifadəçi tələblərini dəqiq müəyyən edir, resursların istifadəsini izləyir və nəticədə xidmət keyfiyyətini davamlı yüksəltməyə çalışır. Bu yanaşma UNEC KİM-in 24/7 kitabxanasının fəaliyyətini daha məhsuldar və istifadəçi məmnuniyyətini artıran səviyyədə qalmasına yardım edir. Data əsaslı qərarvermə kitabxananın innovativ və rəqəmsal dövrün tələblərinə uyğun olaraq inkişafına böyük töhfə verir və akademik mühitdə təhsil və tədqiqat proseslərinin dəstəklənməsində mühüm rol oynayır.

(Qrafik 1)
Kitabxananın 2018 – 2024-cü illərdə fəaliyyətinin təhlilini təqdim edirik. Kitabxananı ziyarət edən oxucu-istifadəçilərinin illər üzrə sayının artıb-azaldığını aydın görmək olar (Qrafik 1).
Fəaliyyətinin ilk illərində kitabxanaya müxtəlif səbəblərdən maraq göstərənlərin sayı daha yüksək olub. Təhlil etdikdə, yeni infrastruktur, 3 növbəli işləmə mexanizmi, fonda daxil olan ən təzə xarici nəşrlər, 1 milyona yaxın elektron resursa çıxış imkanları, sürətli internetin, açıq vf zonasının olması, həmçinin UNEC-in digər kitabxanalarının təmir, yenilənmə ilə əlaqədar məhdudiyyətli fəaliyyəti, eləcə də 3 saylı kitabxananın bağlanaraq, yenidən qurulduğu kimifaktların təsirini görərik.

(Qrafik 2)
Ümumiyyətlə, kitabxananın fəaliyyətini pandemiyadan əvvəl və pandemiyadan sonrakı dövrə ayırsaq, daha düzgün olardı. Oxucu-istifadəçilərin 2023-cü il elmi və sair (bədii, motivasiya, özüninkişaf, bioqrafik, statistik, infoqrafik və s. ədəbiyyat) ədəbiyyata müraciətinin digər illərə nisbətdə üstünlük daşıması görsənir (Qrafik 2). Pandemiya dövründə kitabxanaların məsafədən, onlayn, daha sonralar hibrid fəaliyyəti, bununla yanaşı, kitabxana fonduna daxil olan yeni adda nəşrlərlə tanışlıq imkanı və fiziki kitabxana mühitindən uzun müddət istifadə edə bilməməyin yaratdığı boşluğun aradan qaldırılmasının pik nöqtəsi 2023-cü ildir. Bu tendensiya kitabxanaların pandemiya sonrası dövrdə oxucu tələblərinə adaptasiya və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli uğur əldə etdiyini göstərir.

(Qrafik 3)
Sorğuların onlayn cavablandırılmasının da ən yuxarı göstəricisinin 2023-cü il olduğunu görürük. Sosial media hesablarından, eləcə də e-mail üzərindən ünvanlanan suallar içərisində “kitabxananın açıq-bağlı olması”, “hansı rejimdə çalışması” üstünlük təşkil edir. Oxucu-istifadəçilərin kitabxananın post pandemiya fəaliyyətinə adaptasiyası müşahidə olunur.

(Qrafik 4)
UNEC KİM-in 24/7 kitabxanasının əsas xüsusiyyətləri sırasında layihələrin çoxluğu və rəngarəngliyi, məzmun baxımından zəngin və aktual mövzuları əhatə edən tədbirlərin təşkil olunması, eləcə də elektron resursların effektiv istifadəsi və müxtəlif sahələr üzrə müntəzəm təlimlərin keçirilməsi önəmli yer tutur ki, bu da getdikcə artan xəttlə işarələnib.
UNEC KİM-in 24/7 Kitabxanasının fəaliyyəti, layihələri, yenilikləri, tədbirlərinin yerli və xarici mətbuatda işıqlandırılması məlumatları növbəti qrafikdə verilib (Qrafik5). Kitabxananın yeni açılışı illərində medianın diqqəti üstünlük təşkil edir. Sonrakı dövrlərdə isə onun fəaliyyəti ilə bağlı məqalələrdə daha əhatəli və məzmunlu şəkildə dərc olunaraq, kitabxananın davamlı inkişafı və ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsi barədə geniş məlumatlar mediada öz əksini tapıb.

(Qrafik 5)
Digər qrafiklərdə kitabxana fonduna daxil olan kitabların sayı, həmçinin dillər üzrə göstəriciləri təqdim edilib.
(Qrafik 6)
Kitabxananın fondunda daxil olan kitabların digər kitabxanalar arasında fakültələrin üstünlüyünə görə paylanması müşahidə edilir. Eləcə də, UNEC 24/7 Kitabxanası fondundan digər kitabxana və
bəzi şöbələrə kitablar ayrılmışdır. Bununla belə fondun sayı davamlı artmışdır (Qrafik 6).

(Qrafik 7)
“Fonda daxil olan kitabların dillər ürzə təhlili”ndə xarici dildə kitabların üstünlük təşkil etməsini – görürük (Qrafik 7). Daha sonralar doğma dildə olan ədəbiyyatın çoxluğunu tərcümə ədəbiyyatının artması ilə izah edə bilərik.
Müasir dövrdə data əsaslı yanaşmalar istənilən sahədə, o cümlədən, akademik kitabxanalarda fəaliyyətin effektivliyini artırmaq üçün mühüm vasitəyə çevrilmişdir. Aylıq, yarımillik və illik hesabatlar, eləcə də data təhlillər kitabxananın gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsində, prioritet istiqamətlərin düzgün planlaşdırılmasında əsas rol oynayır. Oxucu davranışlarının analizinə əsaslanan fərdiləşdirilmiş xidmətlərin təşkili, əməkdaş ehtiyaclarının və resursların səmərəli planlaşdırılması kimi məsələlər də məlumatların dərin təhlili sayəsində daha effektli şəkildə həyata keçirilir. Bundan əlavə, universitet kitabxanalarının elmi fəaliyyətin dəstəklənməsində data analizlərin rolu xüsusilə əhəmiyyətlidir və onların davamlı inkişafına təkan verir.