“Unudulmayan izlər” – YENİ KİTAB VAR

“Unudulmayan izlər” – YENİ KİTAB VAR

Azərbaycan Yazıçılar Birliyinin AYBKitab layihəsi çərçivəsində AYB-nin, İLESAM-Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənovanın “Unudulmayan izlər” adlı ədəbi-tənqidi məqalələr toplusu işıq üzü görüb.

“İNFONEWS” -a verilən məlumata əsasən, “Elm və Təhsil” nəşriyyatı  tərəfindən çap olunan kitabın redaktoru şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzadır. Kitab görkəmli  metodist-alim, pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənovun anadan olmasının 95 illiyinə ithaf olunub.

Topluda müəllifin pub­li­sis­tik fəaliyyəti ərzində qələmə aldığı müasir ədəbi prosesə, görkəmli yazıçı və şairlərin yaradıcılığına, eləcə də milli ədəbi irsin müxtəlif istiqamətlərinə həsr edilmiş məqalələri yer alıb.  Kitabda “Kitabi-Dədə Qorqud” eposunun bədii-estetik qaynaqlarından tutmuş atalar sözləri və məsəllərin müasir bədii dəyərlərinə, Hüseyn Cavid, İlyas Əfəndiyev, Nizami Gəncəvi, Aşıq Ələsgər və Şeyda Əziz  kimi klassiklərin yaradıcılıq xüsusiyyətlərinə qədər geniş bir ədəbi panoram təqdim edilir. Kitabın son bölmələri isə ana dili, azərbaycançılıq, ekoloji dayanıqlıq, Qarabağ və Qərbi Azərbaycan mövzularına həsr olunub. Həm elmi əsaslarla yazılmış, həm də bədii duyumla zənginləşdirilmiş məqalələrin hər birində vətənə, millətə və ana dilinə olan sevgi və ehtiram ön plandadır.

Xüsusilə Sevinc Həsənovanın “Müqəddəs arzuların cəfakeş yolçusu” adlı yazısı müəllifin atası – görkəmli alim, professor Məhəmməd Həsənovla bağlı şəxsi xatirələrini əks etdirir və onun həyat yoluna, mənəvi dünyasına və elmi-pedaqoji fəaliyyətinə duyulan ehtiramı ifadə edir. Bu yazı kitabın ideya-mənəvi istiqamətini müəyyənləşdirən bir başlanğıc nöqtəsi rolunu daşıyır.

“Unudulmayan izlər” tədqiqatçılar, müəllim-tələbə auditoriyası və ədəbiyyatsevərlərin marağına səbəb olacaq  dəyərli bir mənbə, milli-mənəvi və ədəbi sərvətimizlə gələcək nəsilləri tanış edəcək bir nəşrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir