Xocalıda “Haradasınız 13-lər?” kitabının təqdimatı keçirilib
Noyabrın 18-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Haradasınız 13-lər?” kitabının təqdimatı olub.
“İNFONEWS” AZƏRTAC- a istinadən xəbər verir ki, təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Şəhid ailələri və müharibə veteranları iştirak ediblər.
Kitabın müəllifi jurnalist Səriyyə Müslümqızı bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələri və sovet ordusunun 366-cı alayının iştirakı ilə əsir götürülən 13 gənc oğlanın acı həyat hekayəsindən və hələ də məlum olmayan talelərindən bəhs edir. O qanlı gecədə 13 gəncin arasında evin yeganə övladı da olub, bir evin 3 oğlu da.
Qeyd edilib ki, Xocalıda itkin düşən 13 nəfərdən 5-nin nəşi bu yaxınlarda tapılaraq dəfn edilib, digərlərinin taleyi isə bugünədək məlum deyil. Müəllif kitabda bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
13-lərin doğmaları, şahidlər də çıxışlarında o ağrılı günləri xatırlayıblar.
Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına çap olunub. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda müəllif dünyanı ədalət məhkəməsində doğru qərar verməyə çağırır. Tədbir iştirakçıları kitabın Xocalı həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.


