PLATFORMA FEODALİZMİ: RƏQƏMSAL DÜNYANIN GİZLİ ORTA ƏSRLƏRİ

“İNFONEWS” təqdim edir.

PLATFORMA FEODALİZMİ: RƏQƏMSAL DÜNYANIN GİZLİ ORTA ƏSRLƏRİ

(metaforik yanaşma)

Bir zamanlar orta əsrlərdə torpağı kim idarə edirdisə, güc də onun əlində olurdu. Feodallar böyük mülklərə sahib idilər, vassallar onların torpaqlarında işləyər, kəndlilər isə gündəlik əməyilə bu sistemi yaşadardılar.
Sən nə danışırsan?! O zamanlar artıq keçmişdə qalıb. İndi Rəqəmsal cəmiyyət, Süni İntellekt dövrüdür, atam balası.
Dövr dəyişir, adlar, vəzifələr, idarəetmə alətləri dəyişir, məqsəd isə eyni qalır. FAYDA əldə etmək!
Bugünkü rəqəmsal aləm özünün sakit və görünməz feodal dövrünü yaşayır. Amma nec?

PLATFORMA FEODALİZMİ

Bu, tarixin yeni təkrarıdır. Sadəcə, indi
Torpaq yox! Algoritmlər
Şəhər yox! Platformalar
Qılınc yox! Kontent
Ordular yox! İnfluenserlər var.

Feodallar və Sosial Media Platformaları

Rəqəmsal Platformanın Feodalları:
Facebook
İnstagram
TikTok
YouTube

Hər biri öz böyük “rəqəmsal torpaqlarına” sahibdir: istifadəçi axını, trafik, məlumat və görünürlük. Onların qaydası var; algoritm — bu dünyanın səssiz qanunudur. Dəyişdirərlərsə, bütün “diyar” dəyişir.

Vassallar- Brendlər və Marketoloqlar

Rəqəmsal torpaqda yaşamaq istəyən hər brend və hər marketoloq bir növ “vassal”dır. Torpağa çıxmaq, görünmək, yaşamaq üçün feodalın qaydasına uyğunlaşmaq gərəkdir. Vergi isə öz yerini reklam büdcəsi ilə əvəzləyir. Platformanın qapısını döyməyən isə Vassal ola bilməz.

Kəndlilər- Rəqəmsal platforma istifadəçiləri

Bəli, bu, sistemin ən böyük hissəsini təşkil edən, fərqində olmadan qarşılıq almadan dəyər yaradan böyük kütlə. Onlar torpağı, yəni sosial mediada hər gün “işləyirlər”: bəyənirlər, paylaşırlar, izləyirlər, məlumat yayırlar. Platformalar isə gücünü kəndlilərin fəaliyyəti ilə artırır. Kəndliyə isə bunun qarşılığında nə verilir? Əvvəllər bir parça çörək, indi isə bir az əyləncə, sosiallaşma və bir qədər dəyərlilik hissi.

Feodal Ordusu- İnfluencerlər

Orta əsrin orduları gücü necə yönləndirirdisə, indi də influenserlər rəqəmsal kütləni hərəkətə gətirir: Onlar trend yaradır, alış-verişi canlandırır, fikirlərə təsir edir, dəyişdirir.
Onlar feodalın(platformanın) sevimliləri olur, çünki torpağın gözəlliyini (kontenti) yayıb onu daha da gücləndirirlər.

Torpaq Qanunları- Algoritmlər

Feodalizmin sərt qanunları var idi. Platforma feodalizmində isə qanun səssizdir, adı isə Algoritmdir. O, gözə görünməz, amma hər şeyi idarə edən hakimdir. Alqoritm bir qaydasını dəyişsə, görünürlük düşür. Digərini dəyişsə, yeni ulduzlar doğur.

Bəs niyə bu metafora vacibdir? 

Çünki bu gün marketinq strategiyasını anlamaq üçün artıq “bazarı” deyil, feodal münasibətlərini öyrənmək lazımdır:
Kimin torpağında (platformada) daha sərfəlidir yaşamaq?
Feodalların yeni qaydası nədir?
Hansı vassallar (brendlər) daha böyük auditoriyaya çatır?
Hansı ordular (influencerlər) daha güclüdür?
Rəqəmsal dünya öz qaydalarını özü yazır.

Platform Feodalizminin gələcəyi

Gələcəkdə bu sistem daha da möhkəmlənəcək: Platformalar güclənəcək, müxtəlif “rəqəmsal torpaqlar” uğrunda mübarizə artacaq, kontent istehsalçılarının rolu böyüyəcək. Auditoriya dəyəri daha çox qiymətlənəcək.

QEYD: Hələ vaxt varkən, nəvələriniz “kaşki 20 il qabaq bu ərazidən alıb atardın 1,2 ev indi gül kimi yaşayardıq” deməsin deyə, indidən özünüzə rəqəmsal platformadan yer ayırın, piştaxtanızı tutun. Sonra bunu yaratmaq çox baha başa gələcək. Eynən kripto bazarı kimi.

Feodalizm necə yüzillər davam etdisə, platforma feodalizmi də rəqəmsal dövrün uzunmüddətli sistemi olacaq deyə şərh etmək olar.

Biz yeni orta əsrlərdə yaşayırıq, yalnız qılınclar yox – kodlar, atlı ordular yox – algoritmlər, rəqiblər yox – platformalar var.

Əziz kəndlilər (platforma istehlakçıları), hansı platformada hansı məqsədlə varlığınızın fərqində olaq. Pulmu qazanmaq? Özünü reklammı etmək? PRmı yaymaq? Faydalı məlumatmı əldə etmək?
Hər hansı məqsədlə platforma istifadəçisi qismində oluruqsa olaq, təhlükəsizlik baxımından etik qayda qanunlar çərçivəsində davranış sərgiləyək. Unutmayaq ki, torpağı tərk etsək ayaq izimiz silinir, amma rəqəmsal ayaq izimiz daim qalır.

Aysel Qaragözova

Azərbaycan Dövlət İqtisad Unuversiteti (UNEC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir