“Kəlağayı bütöv bir rəmzlər və mənalar dünyasını qoruyur”
Layihənin ideyası hələ yay aylarında yaranmışdı. Bu fikri bölüşmək üçün uzun illərdən bəri dostluq etdiyim Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın yanına getdim. Layihə dərhal maraq doğurdu və aidiyyəti qurumlara təqdim olundu. İdeya çox müsbət qarşılandı və razılıq alan kimi dərhal kolleksiyanın hazırlanmasına başladıq.
“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Kəlağayının yeni tarixi” layihəsinin təqdimatı çərçivəsində tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova söyləyib.
Onun sözlərinə görə, kəlağayı ilə aralarında “illərin dostluğu” var: “Uşaqlıqda özümü dərk etdiyim gündən bu yaylığı nənələrimin başında görmüşəm və yaradıcılıq yolumun ilk addımlarından etibarən məhz kəlağayı ilə işləyirəm”, – deyə dizayner qeyd edib.
O xatırladıb ki, 2019-cu ildə Ə.Məlikova ilə birgə Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 5 illiyinə həsr olunmuş və əsasən üst geyim modellərindən ibarət olan “İpək xəzinə” kolleksiyası böyük uğurla təqdim edilib.
“Kəlağayıdan ilk libaslarımın hamısını hələ 2003-cü ildən hazırlamağa başlamışam. Bu gün nümayişdə gördüyünüz ilk libas 2006-cı ildə yaradılıb və məhz həmin modeldən kolleksiyanın sonrakı bütün obrazları ilham alıb”, – deyə G. Xəlilova fikirlərini bölüşüb.
O həmçinin vurğulayıb ki, kəlağayı onun üçün olduqca əziz bir rəmzdir, Azərbaycan qadınının ənənəvi baş örtüyüdür.
“Mən kəlağayını çox sevirəm, ürəyimə hədsiz dərəcədə əzizdir. CİZGİ brendim yaranmazdan xeyli əvvəl də hansı xarici ölkəyə getsəydim, mütləq özümlə kəlağayı aparır və onu hədiyyə kimi verirdim. Hər yerdə bu yaylığa, ümumilikdə isə sənətimizə səmimi maraq və sevgi görürdüm və bu, mənə xüsusi sevinc bəxş edirdi”, – deyə dizayner bildirib.
Simvoldan danışarkən o qeyd edib ki, kəlağayı son dərəcə zəngin mənalar qatına malikdir, hər bir ornament, hər bir naxış özünəməxsus məna daşıyır.
“Hazırkı kolleksiyada 50–70 illik kəlağayılar da istifadə olunub. Onlar mənə nənələrimdən qalıb və bu kolleksiya vasitəsilə onları tamaşaçıya göstərmək, sanki bu qədim kəlağayılara yenidən nəfəs vermək istədim”, – deyə dizayner əlavə edib.