“Onlayn bilet teatr zallarına gedişi asanlaşdırsa da…”

“Onlayn bilet teatr zallarına gedişi asanlaşdırsa da…”

“Müasir tamaşaçı artıq 19–20-ci əsrin tamaşaçısından fərqlənir. O zaman tamaşaçı müəyyən ideoloji çərçivədə formalaşır, teatr isə əsasən sosializm-realist əsərləri təqdim edirdi. Müstəqillik dövründə bu məhdudiyyətlər aradan qalxıb. Həm milli, həm də xarici dramaturgiyanın müxtəlif janrları, sovet dövründə səhnəyə çıxmasına icazə verilməyən mövzular bu gün teatr repertuarında geniş yer tutur”.

“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov söyləyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da teatrın kütləvilik funksiyası zəifləyib. Teatrlar və tamaşaçılar getdikcə daha çox elit bir mühitə çevrilir. “Statistika da bunu təsdiqləyir. 1990-cı ildə teatr tamaşaçıları 1 milyon 584 min nəfər idisə, 2019-cu ildə bu göstərici 645 min nəfərə düşüb. Bu, təxminən 3,5 dəfə azalma deməkdir. Tamaşaçı sayındakı azalmanın səbəbləri internet və sosial şəbəkələrin insanların sərbəst vaxtına təsiri, eləcə də bəzi repertuar boşluqları ilə bağlıdır”,- deyə V. Qafarov əlavə edib.

Bununla yanaşı, son bir neçə ildə müəyyən artımın da müşahidə olunduğunu vurğulayan sənətşünaslıq üzrə fəlsəfə doktoru deyib: “Onlayn bilet əldə etmə imkanları teatr zallarına gedişi asanlaşdırsa da, hələlik teatr–tamaşaçı münasibətinin tam bərpası üçün kifayət etmir. Bu mənzərə göstərir ki, müasir tamaşaçı dəyişib və teatrın da bu yeni tamaşaçı modelinə uyğunlaşması vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir