Fransa səfiri Sofi Laqut Şəkidə Dram Teatrında qonaq olub
Dekabrın 8-də Fransa Respublikasının Azərbaycandakı səfiri xanım Sofi Laqut, səfirliyin mədəniyyət attaşesi xanım Klemans Dö Lakur, ictimai məsələlər üzrə attaşe xanım Tifen Puaru, kommunikasiya üzrə əməkdaş və tərcüməçi xanım Qəmər Əfşani Şəki şəhərinə səfər çərçivəsində Şəki Dövlət Dram Teatrında qonaq olublar.
“İNFONEWS” xəbər verir ki, Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli qonaqlara Şəkinin teatr tarixi haqqında geniş məlumat verdi. M.Səlimli böyük fransız dramaturqu Jan Batist Molyerin Şəki Dövlət Dram Teatrında səhnəyə qoyulmuş 3 əsəri haqqında danışdı.
Fransa Respublikasının Azərbaycandakı səfiri xanım Sofi Laqut J.B.Molyer yaradıcılığına verdikləri önəmə görə təşəkkürünü bildirdi. Şəki teatrı haqqında gözəl fikirlər eşitdiyini və səfirliyin nümayəndələrinin artıq bir neçə tamaşaya baxdıqlarını nəzərə alıb şəxsən özü də teatrla tanış olmaq qərarını verdiyini bildirdi. Gələcəkdə Şəki Teatrı ilə həm teatr, həm kino və həm də mədəni əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirdi.
Görüşdə daha konkret təkliflər üzərində müzakirələr aparıldı.
Qonaqlar məmnuniyyətlə teatr binasını gəzdilər və ekskursiya zamanı onlar əsas zal, kiçik səhnə, məşq otaqları və foyedəki sərgi ilə tanış oldular.
Görüşün sonunda qonaqlarla xatirə şəkilləri çəkdirildi.




