Prezident İlham Əliyevin strateji baxışları və Azərbaycan elminin yeni inkişaf mərhələsi

Prezident İlham Əliyevin strateji baxışları və Azərbaycan elminin yeni inkişaf mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Dövlət başçısının səsləndirdiyi fikirlər, müəyyənləşdirdiyi prioritetlər və qarşıya qoyduğu yeni vəzifələr Azərbaycanın digər sahələrdə olduğu kimi, elm sahəsində də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyub. Dövlət başçısı müsahibəsində Azərbaycan dilinin qorunmasının vacibliyinə də toxunub, onun milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulayıb. Prezidentin vurğuladığı kimi, dil bir millətin varlığını, milli kimliyini və dövlətçiliyini qoruyan ən əsas amillərdən biridir. Dövlət başçısı qeyd edib ki, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamasına baxmayaraq, Azərbaycan xalqı dilini qoruyub saxlamış və bu gün danışdığımız Azərbaycan dili əcdadlarımızın dilindən fərqlənmir. Prezidentin sözlərinə görə, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqı birləşdirən və onun milli şüurunu qoruyan güclü atributdur və ona görə də Azərbaycan dilinin qorunması hər birimizin əsas vəzifəsi olmalıdır.

Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların da dilimizi mükəmməl bilməsinin vacibliyini xüsusi qeyd edib. Bildirib ki, onlayn məktəblərin açılması və genişləndirilməsi bu məqsədə xidmət edir və Azərbaycan dilinin dünya miqyasında qorunmasına töhfə verir. Xarici dillərin öyrənilməsi vacib olsa da, Azərbaycan dili hər zaman prioritet olmalıdır, çünki dilin zəifləməsi milli kimliyi və dövlətçiliyi risk altına alır.

Prezident bu baxımdan jurnalistlərin və ziyalıların rolunun əhəmiyyətini də önə çəkib. Bildirib ki, onlar efir və yazılı məkanda Azərbaycan dilini qorumaqla xalqın milli şüurunun və mədəniyyətinin möhkəmlənməsinə töhfə verməlidirlər.

“İNFONEWS” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr, Mətbuat və İnformasiya şöbəsinin Elektron İnformasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib.

O qeyd edib ki, dövlət başçısının bu çağırışlarından irəli gələrək, yanvarın 7-də AMEA Rəyasət Heyətində Azərbaycan dilinin qorunması ilə bağlı müşavirə keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman dilimizin qorunmasına dövlət səviyyəsində diqqət yetirib. Dövlət başçısının müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı növbəti çağırışının da alimlər qarşısında mühüm vəzifələr qoyduğunu deyən akademik İsa Həbibbəyli AMEA-da bu vəzifələrin icrası ilə bağlı görülən işlərdən, layihələrdən bəhs edib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud imkanlardan istifadə edərək Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin yaradılması məqsədəuyğun hesab olunur.

Müşavirədə çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan dilinin saflığının qorunması, daxili imkanlar hesabına zənginləşdirilməsi və internet mühitində dilin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər barədə məlumat verib. O, həmçinin “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Azərbaycan dilinin orfoepiya lüğəti” və milli dil korpusunun hazırlanmasını, eləcə də dilimizin leksikası, fonetikası və morfologiyasına dair nəşrlərin tamamlanmaqda olduğunu diqqətə çatdırıb.

“Televizyaya müsahibə zamanı Prezident İlham Əliyev dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsilin birgə inkişafının vacibliyindən, Azərbaycanın elm və təhsil sahəsində aparılan struktur və kadr islahatlarının strateji əhəmiyyətindən də bəhs edib. Dövlət başçısı vurğulayıb ki, elm uzun illər dövlət strukturlarından kənarda qalmışdı və onun effektiv inkişafı üçün Elm və Təhsil Nazirliyinin yaradılması zəruri idi. “Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır”, – deyən Prezident aparılan optimallaşdırma siyasəti və kadr islahatlarının elmi-tədqiqat institutlarının daha müasir, gənc və ixtisaslı kadrlarla təmin olunmasına xidmət etdiyini vurğulayıb”, – deyə o qeyd edib.

N.Qəhrəmanova bildirib ki, Prezident İlham Əliyev müsahibə zamanı, həmçinin regionda yaranmış geosiyasi vəziyyətə və ölkəmizin suverenliyinin tam bərpasından sonra qarşıda duran vəzifələrə, hədəflərə xüsusi diqqət ayırıb. Vurğulayıb ki, Azərbaycan bu gün öz milli maraqlarını müstəqil şəkildə müəyyən edən, beynəlxalq arenada söz sahibi olan güclü dövlətdir. Ölkə rəhbəri əldə olunan tarixi nailiyyəti müstəqillik dövrünün ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirib.

Müsahibimiz əlavə edib ki, Prezidentin müsahibənin sonda səsləndirdiyi “Bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var” fikirləri onun Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair qətiyyətini və xalqla həmrəyliyini bir daha sübut edir, eyni zamanda, ölkəmizin sabit və təhlükəsiz gələcəyinə inamı nümayiş etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir