“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR”- Selcan və Rüqəyya Babayevalar

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR”- Selcan və Rüqəyya Babayevalar

“İNFONEWS” təqdim edir.

“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının kapitanı, 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına həlak olan Şəhid kapitan Vüsal Sübhan oğlu Babayevin əziz övladları Selcan və Rüqəyyadır.

Tanış olaq: Selcan Vüsal qızı Babayeva

Onun 8 yaşı var, 3-cü sinifdə oxuyur.

Atam mənim üçün dayaqdır, arxamdır, nəfəsimdir… Onu necə sevdiyimi sözlə anlatmaq çətindir. Dərslərimdən yüksək qiymət alanda içimdə ilk yaranan hiss bu sevinci atamla bölüşmək arzusu olur. Elə bilirəm ki, o sevinci ən çox o anlayar, ən çox o hiss edər.

Məktəbdən çıxanda yoldaşlarımı ataları qarşılayır. Onların atalarına tərəf qaçıb boyunlarına sarıldıqlarını görəndə ürəyimdə bir boşluq yaranır. Mən də atamın qarşısına qaçmaq, qollarımı boynuna dolayıb onu qucaqlamaq, öpmək istəyirəm… Mən də atamı yanımda görmək istəyirəm.

Bəzən özümü qanadı qırılmış quş kimi hiss edirəm – uçmaq istəyirəm, amma nəsə məni yerə bağlayır. Bu boşluğu isə anam doldurur. Hazırda anam bizim üçün təkcə ana deyil,  dünyamızdır. Həm mərhəməti, həm gücü, həm də səssiz fədakarlığı ilə… Mənim və bacımın, ailəmizin yükü onun çiyinlərindədir.

Tanış olaq: Rüqəyya Vüsal qızı Babayeva

Onun 7 yaşı var, 1-ci sinifdə oxuyur.

Mən oxumuşdum ki, erməni işğalçıları Qazax rayonunda körpə bir uşağı diri-diri tonqala atıb yandırmışdılar. Böyüdükcə anladım ki, onlar təkcə o körpəyə deyil, bizim bir çox günahsız uşaqlarımıza işgəncələr veriblər, öldürüblər. Mənim atam məhz belə zülmkar cəlladlara qarşı müharibədə iştirak etdi, həmin uşaqların qisasını aldı.

Atam şəhid oldu ki, bir daha uşaqların göz yaşları axmasın, anaların ürəyi dağlanmasın. Şəhid oldu ki, torpaqlarımız düşmən caynağında inləməsin, Vətən parçalanmasın. O, canını verərək, bizə aydın səma, sakit sabah bağışladı.

Mən atamla qürur duyuram. Onun adı mənim üçün təkcə ata adı deyil, həm də qeyrət, cəsarət və Vətən sevgisi deməkdir. Atam mənim ədəbi qəhrəmanımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir