“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Lalə və Anar Cəfərovlar

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Lalə və Anar Cəfərovlar

 “İNFONEWS” təqdim edir.

“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları 2020-ci ildə Qarabağ müharibəsi zamanı Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçu Araz Səmədağa oğlu Cəfərovun əziz övladları Lalə və Anardır.

Tanış olaq: Lalə Araz qızı Cəfərova

Onun 13 yaşı var, 7-ci sinifdə oxuyur.

Atam haqqında danışanda sanki sözlər boğazımda düyünlənir… Çünki onu xatırlamaq həm çox gözəldir, həm də çox ağrılı. Atam uşaqlığımın ən əziz xatirəsidir. Onun gülüşü evimizi işıqlandırardı, baxışları isə məni bütün qorxulardan qoruyardı. Əlimdən tutduğu günlər, başımı sinəsinə qoyduğum anlar, “qızım, hər şey yaxşı olacaq” deməsi isə indi xatirəyə çevrilib və mən o xatirələr üçün çox darıxıram.

Atamla bağlı xatirələrimi qəlbimdə daim yaşatmağa çalışıram. Gecələr səssizcə onun simasını canlandırmaq istəyirəm, bəzən də heç kim görməsin deyə təhlikdə ağlayıram. Onun yoxluğu ürəyimdə elə bir boşluq yaradıb ki, heç nə bu böşluğu doldura bilmir. Mən atamın yanında böyümədim, amma onun sevgisi ilə böyüdüm. Darıxıram… çox darıxıram… elə darıxıram ki, az qalır nəfəsim kəsilə. Amma yenə də deyirəm: “Mən güclüyəm, çünki mən adi adamın deyil, Vətəni üçün canından keçən qəhrəmanın qızıyam”.
“Şəhid” sözü çox böyük sözdür, amma onun kökündə gizlənən ağrını hər kəs bizim qədər anlaya bilməz. Atam haqqında danışanda gözlərim dolur, amma ağlamağı icazə vermirəm özümə. Çünki bilirəm ki, atam məni güclü görmək istəyərdi.
Ümumiyyətlə, bütün fikirlərim həmişə ikilidir; Mən atamla həm fəxr edirəm, həm də “kaş yenə yanımda olardı” deyirəm. Qürurla başımı dik tuturam, amma ürəyimdə bitməyən bir həsrət var. Atam xalqımızın qəhrəmanıdır, bəli… amma o həm də qəlbimin ən böyük parçasıdır. Onun yoxluğu ilə barışmaq çətindir, amma onun adı ilə yaşamaq şərəfdir.

Tanış olaq: Anar Araz oğlu Cəfərov

Onun 12 yaşı var, 5-ci sinifdə oxuyur.

Atam haqqında danışanda həm fəxr edirəm, həm də kövrəlirəm, sanki içimdə nəsə qırılır, amma eyni zamanda məni ayaqda saxlayan bir güc doğulur. Atamı ‘Qəhrəman’ adlandırdıqları an ürəyim dolur, qəhərlənirəm. Onunla fəxr edirəm — çünki o təkcə mənim atam deyil, həm də xalqımızın igid övladıdır.  Mən çalışacağam ki, atamın adını uca tutum, gələcəkdə gördüyüm işlərlə onun kimi Vətənimizin layiqli oğlu olum. Onun adını şərəflə yaşadım.

 

Şəhid Araz Cəfərovun ruhu şad olsun!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir