Hüquqlar. Ədalət. Fəaliyyət. BÜTÜN Qadınlar və Qızlar üçün
Beynəlxalq Qadınlar Günü hər il martın 8-i xanımların gündəlik həyatda gücünü, nailiyyətlərini və cəmiyyətə verdiyi töhfələri qiymətləndirmək üçün qeyd olunan bir gündür. 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmi olaraq qəbul edilən Beynəlxalq Qadınlar Gününün tarixi daha dərinə gedib çıxır. Bu tarix 1917-ci ildə qadınların daha yaxşı hüquqlar, ədalətli rəftar və daha təhlükəsiz iş şəraiti tələb etmək üçün bir araya gəldiyi tarixi bir anı qeyd etmək üçün seçilib. Xatırlatma üçün qeyd etmək istərdim ki, 1900-cü illərin əvvəllərində dünyanın hər yerində qadınlar çox çalışırdı, lakin onların çox az hüquqları var idi. Onlar etirazlar təşkil etməyə və daha yaxşı əmək haqqı, daha təhlükəsiz iş yerləri və səsvermə hüquqları tələb etməyə başladılar. Onların cəsarəti qlobal qadın hərəkatına səbəb oldu. 1910-cu ildə Kopenhagen şəhərində keçirilən beynəlxalq konfransda bir günün dünya miqyasında qadın hüquqlarına həsr olunması təklif edildi. O vaxtdan bəri, 8 Mart qlobal birlik, aktivlik və bayram gününə çevrildi.
“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi, iqtisadçı ekspert, beynəlxalq təlimçi Leyla Köçərli danışıb. O qeyd edib ki, 8 Mart yalnız keçmiş mübarizələri xatırlamaqla deyil, həm də bərabər imkanlar və ədalət uğrunda mübarizəni davam etdirməklə bağlıdır.
2026-cı il Beynəlxalq Qadınlar Günü üçün rəsmi Birləşmiş Millətlər Təşkilatı tərəfindən istifadə edilən əsas qlobal mövzu belə adlanır: “Hüquqlar. Ədalət. Fəaliyyət. BÜTÜN Qadınlar və Qızlar üçün”. Hüquqlar dedikdə qadınların təhsil və məşğulluqdan tutmuş səhiyyə və qərar qəbuletmə rollarına qədər həyatın hər sahəsində kişilərlə eyni hüquqlara, imkanlara və hörmətə malik olmasını təmin etmək başa düşülür. Bu mövzu qadınların hər yerdə öz hüquqlarından istifadə, qanun qarşısında ədalətli rəftar və gündəlik həyatlarında yalnız kağız üzərində deyil, real dəyişiklikləri görmələrini təmin etməyə yönəlib. Mövzunun adında “BÜTÜN” sözünün böyük hərflərlə vurğulanması inklüzivliyi, yəni heç kimin kənarda qalmamalı olduğu anlamına gəlir ki, bu da ən humanist yanaşmalardandır.
Beynəlxalq Qadınlar Günü sadəcə bir bayram deyil — bu, qadınların səlahiyyətləndirilməsini fəal şəkildə dəstəkləmək üçün bir fürsətdir. Ədalət yalnız məhkəmə zallarında olmur, o, müəssisə və təşkilatlarda əmək haqqı bərabərliyindədir, evdəki iş bölgüsündədir, küçədəki təhlükəsizlikdədir. Çox istərdim ki, Yer kürəsində yaşayan bütün qızlarımız təhsil alanda, qadınlarımız karyera quranda və ya cəmiyyətdə öz sözünü deyəndə “kaş ki” deməsinlər.
Bəs kişilər Qadınlar Gününü necə dəstəkləyə bilərlər?
Kişilər tərəfindən Qadınlar Günü xanımlara yalnız bir gül dəstəsi hədiyyə etməklə bitməməlidir. Kişilər həmçinin bərabər imkanları təşviq etməklə, qadınların təcrübələrini dinləməklə Qadınlar Gününü dəstəkləyə bilərlər.
Yer kürəsində yaşayan BÜTÜN qadınlar azad və ədalətli yaşamağa, xoşbəxt olmağa layiqdir. Ona görə ki, qadınlar ailələrin və cəmiyyətin dayağı, ümid işığıdır.
ƏZİZ XANIMLAR, bir daha SİZİN 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜNÜZ MÜBARƏK OLSUN!