“Faktlara dayanan TARİXİMİZ”. ABBASQULU BƏY ŞADLİNSKİ – 140

“Faktlara dayanan TARİXİMİZ”. ABBASQULU BƏY ŞADLİNSKİ – 140

“İNFONEWS”– un “Faktlara dayanan TARİXİMİZ” layihəsi təqdim edir.

MİLLİ MÜBARİZƏ TARİXİMİZİN ƏFSANƏVİ XALQ QƏHRƏMANI
ABBASQULU BƏY ŞADLİNSKİ – 140
Abbasqulu bəy Azərbaycan xalqına qarşı erməni soyqırımı başlayan gündən indiyə qədər bu soyqırımına ləyaqətlə cavab verən ən güclü sərkərdəmiz, əsrin əvvəllərindəki “erməni-müsəlman“ müharibəsinin əfsanəvi xalq qəhrəmanıdır. Abbasqulu bəy Şadlinskinin 1917-1921-ci illərdə işğalçı, təcavüzkar erməni ordusuna qarşı apardığı mütəşəkkil müharibənin miqyası və siqləti barədə düşünəndə bu Millətin və bu Vətənin övladı olduğun üçün qürur hissi keçirməyə bil- mirsən.
Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 1886-cı il fevralın 24-də Azərbaycanın qədim İrəvan diyarının Vedibasar mahalındakı Böyük Vedi kəndində anadan olmuşdu. Onun mənsub olduğu Şadlılar tayfası Azərbaycan tarixinə parlaq və şanlı səhifələr yazmışdır.
…Xəzər türklərinin cəsur sərkərdəsi Şad 626-cı və 629-cu illərdə “ucu-bucağı görünməyən” hun-xəzər qoşunu ilə Cənubi Qafqaza yürüş edərək bu bölgəni fəth edir. Şadlılar, yə’ni Şadın tayfasına mənsub olanlar burada qalıb yaşamağa başlayırlar.
…10-cu yüzilin ortalarında Vedibasar mahalının Şadlı kəndindəki Şadlılar tayfası içərisindən çıxan Məhəmməd yaxınlıqdakı Dvin (ərəbcə “Dəbil“, el arasında “Düyün“) şəhərini ələ keçirərək Şəddadilər (Şadlılar) dövlətinin əsasını qoyur. Şadlılar tayfası düz iki yüz ildən artıq bütün Cənubi Qafqazda hökmranlıq edirlər.
…19-cu yüzilin əvvəllərində Şadlılar tayfasının başçısı, İrəvan xanlığınm Vedibasar mahalının hakimi Aslan Sultan xanlığın ərazisini işğal etmək istəyən çar generalları P.D.Sisianov, İ.V.Qudoviç, A.P.Yermolov və İ.F.Paskeviçlə müxtəlif illərdə döş-döşə dayanır, öz xalqmı şərəfsiz məğlubiyyətdən və kütləvi qırğından dəfələrlə xilas edir. İş o yerə gəlib çıxır ki, yenilməz İrəvan qalasını axır ki, fəth edən Paskeviç qeydlərində Aslan Sultanı “ağıllı və müdrik ağsaqqal” adlandırmaqdan özünü saxlaya bilmir.
…Nəhayət, 20-ci yüzilin əvvəllərində Vedibasar mahalının başı üzərini erməni-daşnak təcavüzü təhlükəsi alanda Şadlılar tayfasının layiqli nümayəndəsi, Aslan Sultanm oğul nəvəsi Xanbaba bəyin oğlu Abbasqulu bəy Şadlinski irəli çıxaraq 1917-ci ilin dekabrında Vedibasarda milli hökumət və hökumətin nizami ordusunu yaradır. Həmin hadisəyə qədər İrəvan qəzasının Vedi nahiyəsinin rəisi olan 32 yaşlı gənc Abbasqulu bəy qısa vaxtda bütün Vedibasarı yumruq kimi birləşdirərək mahala həm inzibati (Vedibasar Komitəsinin sədri), həm də hərbi rəhbərliyi (“Mübariz dəstə“nin komandanı) öz əlinə alır.
Abbasqulu bəy hərbi və idarəçilik işlərini mükəmməl bilməklə yanaşı, həm də uzaqgörən siyasətçi idi. O, bütün Qafqazda, Türkiyədə və İranda gedən ictimai-siyasi prosesləri ardıcıl izləyir, Naxçıvan, İrəvan və Bakı ilə daim əlaqə saxlayır.
1918-ci ilin ilk ayında İrəvan vilayətində daşnaklarm daha da fəallaşması Vedibasar mahalında da sabitliyi pozur. Silahlı daşnakların vilayətin müsəlman kəndlərinə basqınları artıq sistemli şəkil alır. Ermənilər kəndlərə qəfıldən hücum edir, dinc əhaliyə vəhşicəsinə divan tutur, onları qılıncdan keçirir,
Əhalinin var-dövlətlərini talayıb aparır, evlərinə, mülklərinə od vurub yandırırlar. Faciənin miqyasını bütün dəhşəti ilə təsəvvür etmək üçün belə bir faktı xatırlatmaq yetərincədir ki, İrəvan hadisələri o vaxt Zaqafqaziya seyminin 5 fevral, 7 fevral, 19 fevral və 20 fevral 1918-ci il tarixli iclaslarında böyük həyəcan və narahatlıqla müzakirə olunmuş və Seym vəziyyətlə yerindəcə tanış olmaq üçün İrəvana nümayəndə heyətləri göndərmişdi. Həmin nümayəndə heyətlərindən birinin – Fövqəladə İstintaq Komissiyasının tarixi arayışından aydın olur ki, 1918-ci ilin martınadək İrəvan quberniyasının İrəvan, Sürməli, Eçmiədzin və Yeni Bayazid qəzalarında 197 müsəlman kəndi darmadağın edilmiş, bu kəndlərdə yaşayan 135 min nəfər əhalinin əksəriyyəti ermənilər tərəfındən qətlə yetirilmiş, sağ qalanlar isə qaçıb ətraf bölgələrə – Azərbaycanın digər torpaqlarına, yaxud qonşu Türkiyəyə və Cənubi Azərbaycana sığınmışlar.
Maraqlıdır ki, həmin 197 kəndin arasında Vedibasar mahalının bir kəndinin belə adına rast gəlmirik. Məsələ ondadır ki, ermənilər İrəvanın cəmi 30-35 kilometrliyində yerləşən Vedibasar mahalına soxulmağa hələ cəsarət etmirdilər. Abbasqulu bəyin başçılıq etdiyi Vedibasar silahlı özünümüdafıə qüvvələrinin gün-gündən güclənməsi daşnak hökumətini artıq əməlli-başlı narahat etməyə başlamışdı.
Vedibasar ermənilər üçün bir də ona görə təhlükə mənbəyi idi ki, bu mahal mühüm strateji nöqtədə – İrəvanla Naxçıvan arasmda yerləşirdi və ermənilərin Naxçıvanı Ermənistana birləşdirmək xəyalına ciddi maneçilik törədirdi. Digər tərəfdən, Vedibasar mahalı həm də İrəvanla Dərələyəz-Zəngəzur mahalları arasında yerləşməklə hər iki istiqamətdə (İrəvan-Dərələyəz və İrəvan-Naxçıvan) cəmləşmiş daşnak hərbi qüvvələrinin həlledici məqamlarda bir-birinə yaxınlaşmasına imkan vermirdi.
Bunu nəzərə alan daşnaklar Abbasqulu bəylə dil tapmağa çox cəhd edirdilər. Hər dəfə əlləri boşa çıxdığından 1918-ci ilin may ayının ortalarında ermənilər Vedibasarın Millidərə kəndlərinə ilk mütəşəkkil hücuma keçirlər. Lakin daşnak Artuşun quldur dəstəsi Abbasqulu bəyin başçılığı altında Vedibasar qüvvələri tərəfındən darmadağın edilir. Millidərə kəndlərinin bir hissəsi erməni başkəsənləri tərəfındən xaraba qoyulur…
İlk məğlubiyyətdən quduzlaşan ermənilər həmin il mayın axırları üçün Vedibasar mahalı və onun baş kəndi Böyük Vedi üzərinə irimiqyaslı hücum təşkil edirlər. Böyük Vedinin şimalındakı Ağdağ dağından kəndə top mərmiləri yağdırılır. Eyni zamanda rayonun ərazisini ikiyə bölən dəmir yolu xəttinin Qəmərli-Dəvəli stansiyaları arasında hərəkət edən ermənilərə məxsus zirehli qatar ətraf kəndləri top və pulemyot atəşinə tutur. Daşnak Artuşun dəstələri yenidən Böyük Vediyə soxulmağa cəhd edir. Vedibasar kəndlərinin bir hissəsi, Böyük Vedinin isə yarısı ermənilər tərəfındən yandırılır. Lakin quvvələrin bərabər olmadığı bu döyüşdə Abbasqulu bəyin böyük sərkərdəlik bacarığı sayəsində vedibasarlılar erməniləri mahalın ərazisindən yenə də qovub çıxarmağa müvəffəq olurlar. Həmin döyüşdə ermənilər canlı qüvvə və hərbi sursat sarıdan xeyli itki verirlər. Mühasirəyə salınmış erməni zirehli qatarından vedibasarlılar bir ədəd topu çıxarıb qənimət götürürlər.
1918-ci ilin iyulunda daşnak komandirləri, Dronun, Aram paşanın, Dəli Kazonun mauzerçiləri və Bek-Pirimovun daşnak alayı Böyük Vedi kəndi üzərinə yenidən hücuma keçirlər. Yenidən məğlub olan erməni qüvvələri nizamsız şəkildə geri çəkilərkən döyüş meydanında bir neçə top, səkkiz pulemyot, çoxlu sayda tüfəng və patron qoyub qaçırlar.
Türkiyədə məğlub olub, Araz çayını keçərək Naxçıvana soxulmuş “Van” və “Sasun” daşnak alayları Andronikin əmri ilə 1918-ci ilin dekabr-1919-cu ilin yanvar aylarında Vedibasarın Şahablı, Qədirli, Qaraxaç və b. kəndlərinə basqın edib burada misli görünməmiş vəhşiliklər törədir, dinc əhalini ayrı-ayrı binalara yığıb diri-diri yandırırlar. Hadisə yerinə çatan vedibasarlılar – Abbasqulu bəyin, xüsusilə Kərbəlayı İsmayılın dəstələri erməniləri xeyli tələfata uğradaraq kəndlərdən vurub çıxarırlar.
1919-cu ilin əvvəllərində milliyətcə erməni olan polkovnik Doluxanovun və Bek-Primovun Böyük Vedi üzərinə yeni hücumu olur. Abbasqulu bəy bu dəfə də onları məğlub edib geri oturdur.
Əli hər yerdən üzülən daşnak hökuməti bölgədəki ingilis-amerikan missiyasını qabağa verir. İngilislər Abbasqulu bəydən silahı yerə qoyub daşnak hökumətinə tabe olmağı tələb edirlər. Lakin Abbasqulu bəy onları tanımaq belə istəmədiyini bildirib, ingilis nümayəndələrini Böyük Vedidən qovur.
1919-cu ilin iyun-iyul aylarında daşnak hökuməti polkovnik Aprosimovun başçılığı ilə Vedibasar mahalının baş kəndi olan Böyük Vedi üzərinə üçüncü dəfə hücum təşkil edir. Bölgəyə daşnakların xüsusi cəza dəstələri göndərilir. Erməni qüvvələri ilə Vedibasar müdafiəçiləri üz-üzə dayanır. Ermənilər əvvəlki döyüşlərdə öldürülmüş 21 erməni zabiti əvəzinə güllələnmək üçün müsəlman tərəfdən 24 hörmətli şəxsin onlara təslim edilməsi və göstəriş olana qədər taxılı yığmamaq tələbi ilə vedibasarlılara ultimatum göndərirlər. Abbasqulu bəy bu ultimatuma atəşlə cavab verir. Bu döyüşdə vedibasarlılar 4 pulemyot, 400 tüfəng qənimət götürür, ermənilər isə ümumiyyətlə 200-dən çox əsgər, 10 zabit, 2 top, 8 pulemyot itirirlər. Həmin döyüş haqqında İrəvandan Bakıya – Azərbaycan hökumətinə məlumat verən Məhəmməd xan Təkinski böyük qürurla yazmışdı: “Böyük vedililər erməni polkunu tamamilə darmadağın etdilər və polk, demək olar ki, bütün heyətini itirdi”.
Bu görünməmiş məğlubiyyətdən sonra erməni hərbi komandanlığı Vedibasar üzərinə yeni hücum hazırlamaq və həyata keçirmək üçün müdafiə nazirinin müavini Droya xüsusi tapşırıq və lazımi səlahiyyət verir. Dro yaxşı təlim görmüş və silahlanmış nizami qoşunla yanaşı, peşəkar daşnak mauzerçilərini də hücuma cəlb edir. O, tezliklə Vedibasar mahalına od vurub, Böyük Vedi kəndinin külünü göyə sovuracağı barədə daşnak hökumətinə söz verir.
Azərbaycan hökuməti daşnakların Vedibasara bu hücumunun qarşısmı almaq üçün çox çalışır. Ararat Respublikasına rəsmi nota verir. Lakin qarşı tərəf bu notanı rədd edir.
Abbasqulu bəy vəziyyətin ağırlığmı nəzərə alaraq daşnaklarla Böyük Vedi kəndinin içində döyüşə girmək qərarına gəlir. Əlbəyaxa döyüş bir neçə saat davam edir. Abbasqulu bəyin güclü hərbi taktikası nəticəsində qəfil əks-hücuma keçən vedibasarlılar erməniləri bütün cəbhə boyu qaçmağa məcbur edirlər. Səhərə yaxın döyüş vedibasarlıların tam qələbəsi ilə başa çatır. O vaxtlar Naxçıvan Milli Komitəsinin katibi olmuş M.B.Əliyevin xatirələrindən öyrənirik ki, bu döyüşdə “ermənilər 1000-dən ziyadə tələfat verib, 6 pulemyot, 8 araba ərzaq, 4 araba fişəng müsəlmanlar üçün qənimət buraxmışlar”.
1920-ci ilin may-iyun aylarında daşnakların Naxçıvan və Dərələyəzdə apardıqları geniş hərbi əməliyyatlar Böyük Vedi kəndini tamamilə mühasirə vəziyyətinə salır. Fürsətdən istifadə edən erməni hökuməti, nəhayət, Böyük Vedini işğal etmək üçün hər tərəfdən onun üzərinə qoşun yeridir. Bütün gün ərzində döyüş gedir. Hərbi sursatın tükəndiyini görən Abbasqulu bəy mühasirəni yararaq Vedibasar camaatını sağ-salamat Naxçıvana, oradan da Cənubi Azərbaycana aparmalı olur.
Bir neçə gündən sonra Naxçıvanda Sovet hakimiyyəti qurulur. Daşnaklara qarşı mübarizə aparmağın çox çətin olacağmı görən Naxçıvan bolşevikləri 1920-ci ilin sentyabrında Mərənd şəhərinə Abbasqulu bəyin yanına nümayəndələr göndərib, onu Naxçıvana dəvət edirlər. Bu dəvəti qəbul edib, Naxçıvana gələn Abbasqulu bəy burada “Qırmızı tabor“ adı ilə öz əvvəlki ordusunu bərpa edir, 1920-1921-ci illərdə Naxçıvan-Şərur-Vedibasar-Qəmərli-İrəvan və Vedibasar-Şərur-Dərələyəz-Zəngəzur cəbhələrində daşnak hərbi qüvvələrinin məhv edilməsində və Naxçıvan, Ermənistan ərazilərindən tamamilə qovulub çıxarılmasında misilsiz rol oynayır.
Bu xidmətinə görə 1921-ci il aprelin 25-də Abbasqulu bəy Şadlinski və onun 18 nəfər döyüşçüsü “Qırmızı Bayraq” ordeni ilə təltif edilirlər. Vətəndaş müharibəsindən sonra Abbasqulu bəy və bütün “Qırmızı tabor” Naxçıvanda qalaraq vilayətin sərhədlərini qoruyur. Bu vaxt Abbasqulu bəy Naxçıvan qarnizona rəhbərlik edir.
Lakin ermənilər Abbasqulu bəyin daşnaklara etdiklərini ona heç vaxt bağışlamırlar. 1930-cu il martın 3-də erməni qurğusu ilə qolçomaq qiyamını dinc yolla yatırmaq adı altında qaçaqların düşərgəsinə göndərilən Abbasqulu bəy dağlarda qəddarlıqla qətlə yetirilir.
* * *
Bu il fevralın 24-də Abbasqulu bəy Şadlinskinin anadan olmasının 140 illiyi tamam oldu. Bütün bunlar Abbasqulu bəyin tarixi şəxsiyyəti və xalqımızın milli-azadlıq mübarizəsindəki xidmətləri barədə son dərəcə yığcam qeydlərdir. Lakin məncə, bu qeydlər özü belə kifayətdir ki, Abbasqulu bəyin nə səviyyədə böyük hörmətə layiq tarixi şəxsiyyətimiz olduğunu biz hamımız dərk edə bilək. Bunu dərk etməyimiz bizim fəzilətimiz, Abbasqulu bəyin xatirəsinə göstərəcəyimiz hər hansı hörmət isə onun tarixi-mənəvi haqqıdır.
Əziz ƏLƏKBƏRLİ
Millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir