“…bəlkə də gözlərinlə dünyanı görə bilmirsən…”- Mətanət Duyğulu

Qazi Bəhruz Hüseynliyə demək istəyirəm: “Sən bəlkə də gözlərinlə dünyanı görə bilmirsən, amma sənin qəhrəmanlığının nuru minlərlə insanın qəlbini işıqlandırır. Sənin fədakarlığın Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.
“İNFONEWS” xəbər verir ki, bunu air – publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mətanət Duyğulu “Əzablı yollar” kitabının təqdimat məqasimində söyləyib.
Mətanət xanım bildirib ki, Vətən uğrunda canından keçən Şəhidlərimiz və sağlamlığını qurban verən qazilərimiz xalqımızın qürur mənbəyidir. Şəhid dedikdə gözlərimiz önündə müqəddəs Vətən torpağı canlanırsa, qazi dedikdə həmin torpağın keşiyində dayanaraq onun bütövlüyü naminə ağır sınaqlardan keçən igid oğullarımız yada düşür. Bu gün mənim üçün ən müqəddəs ziyarətgahlar şəhidlərimizin uyuduğu məzarları və qazilərimizin yaşadığı evləridir.
Belə qəhrəmanlarımızdan biri də Vətən yolunda hər iki gözünü itirən qazimiz Bəhruz Hüseynlidir.
Bəhruz Hüseynli 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhid Məmməd kəndində dünyaya gəlib. Həyat onu erkən yaşlarından çətin sınaqlarla üz-üzə qoyur. Uşaqlığını baba və nənəsinin himayəsində keçirən Bəhruzun qəlbindəki Vətən sevgisi elə kiçik yaşlarından özünü büruzə verir. Məhz bu sevgi sonradan onu hərbçi peşəsinə gətirir və Vətənin keşiyində dayanmağa sövq edir.
19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Bəhruz ağır yaralanaraq hər iki gözünü itirir. Hər bir insan, xüsusilə də gənc insan üçün son dərəcə ağır olan bu itki onun iradəsini və həyat eşqini sarsıda bilmir. Əksinə, o, göstərdiyi qəhrəmanlıqla minlərlə gəncə örnək olur.
Qəhrəmanlarımızın qürurdolu həyat yolunu gələcək nəsillərə çatdırılmak hər bir yazarın borcudur. Çünki qəhrəmanların həyat hekayəsi yazılmadıqda, xalqımıza çatdırılmadıqda onlar zamanla unudula bilərlər.
“Məhz Bəhruz Hüseynli ilə tanış olduğum gündən onun həyatı – göstərdiyi igidlik məktəbi, döyüş yolu, yaralanmağı, sağlamlığının reabilitasiyası, qazi olması və ən əsası tükənməyən Vətən sevgisini qələmə almağı özümə borc bildim və beləliklə, “Əzablı yollar” adlı kitab ərsəyə gəlmiş oldu. Bu əsər yalnız bir qazinin həyat hekayəsi deyil. Kitab, eyni zamanda, Vətən sevgisinin, insan iradəsinin, dözümün və mübarizliyinin təcəssümüdür. Oxucu burada ağır həyat sınaqlarından keçən, lakin sınmayan və ruhən məğlub olmayan Azərbaycanın igid oğullarından birinin taleyi ilə tanış olacaqdır” – deyə, Mətanət Duyğulu söyləyib.
Həmçinin, Mətanət xanım Bəhruz Hüseynlinin bu yaxınlarda ailə həyatı qurması sevincini yaşadığını vurğulayaraq, ona yeni həyatında xoşbəxtlik, sağlamlıq və səadət arzulayıb.Gələcəkdə tibb elminin inkişafı bu kimi ağır yaralar alan insanlara sağlamlıq bəxş edəcəyinə çox ümid bəslədiyini bildirib.
Qeyd edək ki, şair – publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mətanət Duyğulunun (Süleymanova) Bəhruz Hüseynlinin timsalında Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsində fədakarlıq göstərən hər bir qaziyə dərin hörmət və ehtiram ifadəsi olaraq yazıdığı “Əzablı yollar” kitabının təqdimat mərasimi 5 iyunun 2026-cı il tarixində M.F. Axundzadə adına Milli Kitabxanada keçirilib. Tədbirdə elm və mədəniyyət xadimləri, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.





