-
Ermənistan dərsliklərində sistemli nifrət və saxtakarlıq
Erməni məktəb dərsliklərində yer alan nifrət nitqi elementləri, tarixi saxtalaşdırmalar və təhrif olunmuş xəritələrin gələcək nəsillərin şüuruna təsiri məsələləri “Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabda geniş əksini tapıb.
“İNFONEWS” xəbər verir ki, bunu tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov bildirib.
O qeyd edib ki, Xankəndidən və Qarabağın digər ərazilərindən əldə olunmuş dərs vəsaitləri və müxtəlif nəşrlər araşdırılıb. Təqdim olunan materiallar arasında 150-dən çox dərslik və ədəbiyyat nümunəsi yer alır. Həmin dərsliklərdə Azərbaycan xalqına qarşı nifrət təbliği, tarixi saxtalaşdırmalar və gələcək nəsillərdə yanlış təsəvvürlərin formalaşdırılmasına yönəlmiş məqamlar öz əksini tapıb. Araşdırmalar zamanı təhlil edilən materiallarda Azərbaycan xalqına qarşı aşağılayıcı ifadələrin, nifrət çağırışlarının və təhrif olunmuş tarixi məlumatların sistemli şəkildə təqdim olunduğu müəyyən edilib.
“Dərsliklərdə kiçik yaşlı şagirdlərə ‘Böyük Ermənistan’ ideyasını aşılayan xəritələr təqdim olunur. Həmin xəritələrdə Azərbaycanın əraziləri, eləcə də qonşu dövlətlərin torpaqları Ermənistanın tərkib hissəsi kimi göstərilir. Bu yolla uşaqlarda gələcəkdə həmin ərazilərə iddia etmək düşüncəsi formalaşdırılmağa çalışılır. Eyni zamanda, türklərə və azərbaycanlılara qarşı nifrət hissləri aşılanır, revanşist yanaşmalar təbliğ edilir. Araşdırılan dərsliklərin böyük hissəsi Ermənistan Təhsil Nazirliyinin xətti ilə İrəvanda nəşr olunub və məktəblərdə tədris məqsədilə istifadə edilir. Bu fakt göstərir ki, söhbət ayrı-ayrı müəlliflərin mövqeyindən deyil, sistemli yanaşmadan gedir. Təhlil etdiyimiz dərsliklərin əksəriyyətində nifrət nitqinə rast gəlinir. Biz bütün bu faktları toplayaraq kitabda təqdim etmişik”, – deyə o bildirib.

Alim nəşrin mühüm üstünlüklərindən birinin təqdim olunan faktların mənbələrlə təsdiqlənməsi olduğunu vurğulayıb. “Kitabda yerləşdirilmiş QR kodlar vasitəsilə oxucular birbaşa həmin dərsliklərin müvafiq səhifələrinə keçid edə bilirlər. Beləliklə, təqdim olunan hər bir faktın mənbəsi və orijinal forması ilə tanış olmaq mümkündür. Bu, araşdırmanın obyektivliyini və etibarlılığını artıran mühüm amildir. Araşdırmalar zamanı yalnız dərsliklər deyil, müxtəlif xəritələr və digər tədris materialları da təhlil olunub. XV, XVI, XVII, XVIII və XIX əsrlərlə bağlı təqdim olunan məlumatlarda ciddi saxtalaşdırmalar mövcuddur. Tarixi reallıqlar təhrif olunur, regionda mövcud olmuş dövlətlər və imperiyalar gözardı edilir. Ermənistan dövlətçiliyinə aid olmayan dövrlər və ərazilər məqsədli şəkildə Ermənistanın tarixi irsi kimi təqdim edilir”, – deyə tarixçi alim bildirib.
Bəxtiyar Həsənov vurğulayıb ki, Azərbaycan dövləti regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir və Prezident İlham Əliyev tərəfindən irəli sürülən sülh gündəliyi bunun bariz nümunəsidir.
“Əgər regionda sülh və normallaşma prosesi prioritet hesab olunursa, məktəblərdə uşaqlara nifrət və düşmənçilik aşılayan materialların tədrisi qəbuledilməzdir. Bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən isə gələcək nəsilləri düşmənçilik ruhunda formalaşdırmaq bir-birinə zidd yanaşmadır. Bu cür materiallar sülh gündəliyinə və qarşılıqlı etimadın formalaşmasına mənfi təsir göstərir. Təhlil olunan materiallarda nifrət yalnız azərbaycanlılara və türklərə qarşı deyil, regionda yaşayan digər xalqlara münasibətdə də özünü göstərir. Dərsliklərdə kürdlər, ləzgilər, talışlar və digər xalqlar haqqında aşağılayıcı və təhqiredici ifadələrə rast gəlinir. Onlar müxtəlif mənfi obrazlarda təqdim olunur. Araşdırma nəticələri göstərir ki, erməni dərsliklərində yer alan nifrət nitqi və tarixi saxtalaşdırmalar epizodik deyil, sistemli xarakter daşıyır və bu halların aradan qaldırılması regionda davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə Bəxtiyar Həsənov vurğulayıb.
Müxbir – Səbinə Əlizadə/ AZƏRTAC