Bir siqaret ömrü nə qədər azaldır?
Siqaretin insan sağlamlığına vurduğu zərəri konkret rəqəmlərlə hesablamaq mümkündür. London Universitet Kollecinin yeni araşdırması siqaret çəkməyin ömür uzunluğuna təsirini müəyyənləşdirib.
“İNFONEWS” xəbər verir ki, alimlərin hesablamalarına görə, çəkilən hər siqaret insan ömrünü orta hesabla 20 dəqiqə qısaldır. Bu göstərici kişilərdə təxminən 17, qadınlarda isə 22 dəqiqədir.
Gündə 10 siqaret çəkən şəxs bu vərdişindən cəmi bir həftə uzaqlaşmaqla statistik hesablamaya əsasən, ömrünün təxminən bir gününü qoruya bilər.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə ölkədə yaşı 18-dən yuxarı olan siqaret çəkənlərin sayı təxminən 6 milyon nəfər təşkil edib. Mütəxəssislər bildirirlər ki, insan siqaretdən nə qədər tez imtina etsə, uzun və sağlam yaşamaq ehtimalı bir o qədər artır.
Siqareti tərgitdikdən sonra orqanizmdə müsbət dəyişikliklər qısa müddətdə başlayır. Təxminən 20 dəqiqə sonra ürək döyüntüsü normallaşmağa başlayır. 12 saat ərzində qandakı dəm qazının səviyyəsi normal həddə qayıdır. Bir neçə həftə sonra isə qan dövranı və ağciyərlərin fəaliyyəti yaxşılaşır.
Siqaret qanı qatılaşdıraraq tromb yaranması riskini artırır, arterial təzyiqi və nəbzi yüksəldərək ürəyin daha çox işləməsinə səbəb olur. Eyni zamanda damarları daraldır və orqanlara oksigenlə zəngin qanın çatmasını azaldır.
Bütün bunlar ürək-damar xəstəlikləri, insult və digər təhlükəli problemlərin yaranması ehtimalını əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər siqaretdən imtina etmək üçün heç vaxt gec olmadığını vurğulayırlar.