“GÜNƏBAXANLAR” təqdim edir: SÜNİ İNTELLEKT İNSAN RUHUNU ANLAYA BİLİR?

“GÜNƏBAXANLAR” təqdim edir: Sİ İNSAN RUHUNU ANLAYA BİLİR?

“İNFONEWS” – un “GÜNƏBAXANLAR” yay forumunda İNSAN

Bir gənc süni intellektə yazır:
Həyatdan bezmişəm, özümü öldürmək istəyirəm. Mənə bir məsləhət ver.

Süni İntellekt cavab verir:
Pəncərədən tullan!

Gənc bir neçə dəqiqə cavab yazmır. Süni İntellekt “səhvini” anlayıb ardınca yazır:

– Bağışlayın, sistemimdə xəta oldu, səhv məsləhət verdim! Zəhmət olmasa, bunu etməyin! Oradasınız?

Sistemə avtomatik bildiriş gəlir:
– İstifadəçi xətti tərk etdi.

Sİ daha sonra yazır:

– Əgər ölmək istəyirdinsə, niyə bunu daha tez etmirdin?!

SÜNİ İNTELLEKT İNSAN RUHUNU ANLAYA BİLƏRMİ?

Süni İntellekt və Kouçinq

Bu gün insanlar bir çox suallarına cavab tapmaq, qərar vermək və hətta şəxsi həyatları ilə bağlı məsləhət almaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Süni İntellekt böyük həcmdə məlumatı analiz edə, fərqli perspektivlər təqdim edə və insanın özünü düşünməsi üçün faydalı suallar verə bilər. Bu baxımdan, onun kouçinq prosesində müəyyən dəstək vasitəsi kimi istifadəsi tamamilə mümkündür. Lakin Süni İntellektlə aparılan söhbəti peşəkar kouçinq prosesi ilə eyniləşdirmək doğru olmaz.

Kouçinq yalnız sual vermək və cavab almaqdan ibarət deyil; burada insanın emosional vəziyyətini, davranışlarını, dəyərlərini və fərdi kontekstini canlı şəkildə müşahidə etmək və prosesə uyğunlaşmaq mühüm rol oynayır. Süni İntellekt verilənləri emal edə bilsə də, insanın daxili tərəddüdlərini, jestlərini və sözaltı mənalarını tam anlamaq qabiliyyətinə malik deyil. Bu səbəbdən Süni İntellektdən bir kouç kimi deyil, prosesi sürətləndirən köməkçi bir alət kimi istifadə edilməsi ən doğru yanaşmadır.  Peşəkar kouç ona müraciət edənlərin dedikləri qədər, demədiklərini də müşahidə edir və onun fərqində olmadığı məqamları görməsinə şərait yaradır.

Süni İntellekt isə nə qədər inkişaf etmiş olsa da, insan münasibətinin yaratdığı qarşılıqlı əlaqəni və real zamanlı emosional iştirakı tam şəkildə əvəz etmir. Buna görə süni intellekti kouçun alternativindən çox, düzgün istifadə edildikdə əlavə bir vasitə kimi görmək daha sağlam yanaşmadır. Əsas məsələ texnologiyadan istifadə edib-etməmək deyil, ondan hansı məqsədlə və hansı sərhədlər çərçivəsində istifadə etməkdir. Kouçinqdə isə əsas məqsəd insanın hazır cavab almağı deyil, öz cavablarını tapmağı, seçimlərinin məsuliyyətini üzərinə götürməyi və davamlı dəyişiklik yaratmağı öyrənməsidir.

Bəzən insana daha bir məsləhət deyil, onu həqiqətən dinləyən, doğru sualı doğru anda verən və düşüncə prosesini müşayiət edən bir insan lazımdır. Məhz bu nöqtədə texnologiyanın verə bilmədiyi insan əlaqəsi kouçinqin əsas dəyərlərindən birinə çevrilir.

Nərmin HƏSƏNLİ

peşəkar kouç, şəxsi inkişaf üzrə mütəxəssis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir