Mübahisəli şəkildə Nobel Sülh Mükafatı almış şəxslər

Mübahisəli şəkildə Nobel Sülh Mükafatı almış şəxslər

Norveç Nobel Komitəsi 2026-cı il Nobel Sülh mükafatının Navanethem (Navi) Pillaya verilməsi barədə qərar qəbul edib. O, Cənubi Afrikadan olan hüquqşünasdır, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı olub.

Qalib oktyabrın 9-u, cümə günü, Bakı vaxtı ilə saat 14:00-da Norveç Nobel İnstitutunda elan edilib.

“İNFONEWS”  xəbər verir ki, Dünyanın ən nüfuzlu mükafatlarından biri hesab edilən Nobel Sülh Mükafatı işveçli alim, iş adamı və xeyriyyəçi Alfred Nobelin təsis etdiyi altı mükafatdan biridir.

Qaliblər Norveç Parlamenti tərəfindən seçilən beş nəfərlik komitə tərəfindən müəyyən edilir.

BBC mükafatın verildiyi dövrdə və ya sonradan mübahisələrə səbəb olmuş altı qalibin, eləcə də namizədlər siyahısında diqqət çəkən və bir çoxlarının bu mükafata layiq gördüyü bir siyasətçinin adının yer aldığı icmal hazırlayıb.

Barak Obama

2009-cu ildə ABŞ-ın o zamankı Prezidenti Barak Obamanın mükafata layiq görülməsi çoxlarını təəccübləndirmişdi. Bu xəbərə Obama özü də təəccüblənmişdi.

Obama 2020-ci ildə nəşr etdirdiyi xatirələrində yazırdı ki, xəbəri eşidəndə ilk reaksiyası “Nəyə görə?” olmuşdu.

Cəmi doqquz aydır vəzifədə olan bir şəxsə belə bir mükafat verilməsini tez hesab edənlərin sayı çox idi.

Hətta mükafata namizədlərin irəli sürülməsi üçün qoyulan müddət Obama vəzifəyə başladıqdan cəmi 12 gün sonra başa çatmışdı.

2015-ci ildə BBC-yə danışan Nobel İnstitutunun keçmiş direktoru Geir Lundestad mükafatı verən komitənin sonradan bu qərarından peşman olduğunu eyhamla bildirmişdi.

Obamanın prezident olduğu iki müddət ərzində ABŞ hərbçiləri Əfqanıstan, İraq və Suriyadakı münaqişələrdə iştirak edib.

Yasir Ərafat

Fələstin lideri Yasir Ərəfat İsrailin Baş naziri İsxak Rabin və İsrailin xarici işlər naziri Şimon Peres 1994-cü ildə Oslo Sülh Sazişini imzaladıqları üçün mükafata layiq görüldülər.

Həmin dövrdə bu sazişin İsrail-Fələstin münaqişəsini həll edəcəyinə ümid edilirdi.

Keçmişdə silahlı mübarizə aparmış bir şəxsin bu mükafatı alması həm İsraildə, həm də dünyada mübahisələrə səbəb oldu.

Ərəfatın namizədliyi hətta Nobel Komitəsinin daxilində fikir ayrılığına yol açdı.

Komitənin üzvlərindən biri olan norveçli siyasətçi Kare Kristiansen etiraz əlaməti olaraq komitədən istefa verdi.

Aun San Su Çji

Myanmalı siyasətçi Aun San Su Çji hərbi xuntanın hakimiyyətinə qarşı apardığı dinc mübarizəyə görə 1991-ci ildə bu mükafata layiq görülmüşdü.

Lakin 20 il sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən soyqırım kimi xarakterizə edilən, arakanlı müsəlmanlara qarşı törədilən insan hüquqları pozuntuları və qətliamlara susduğu üçün ciddi tənqidlərə məruz qaldı.

Mükafatın geri alınması üçün çağırışlar edilsə də, Nobel mükafatının qaydaları buna imkan vermir.

Abiy Əhməd

Efiopiyanın Baş naziri Abiy Əhməd qonşu Eritreya ilə uzun illər davam edən sərhəd mübahisəsinin həllində oynadığı rola görə mükafata layiq görülmüşdü.

Lakin bir neçə ay sonra bu qərar sual altına alındı.

Beynəlxalq ictimaiyyət Əhmədin ölkənin şimalında yerləşən Tiqray bölgəsinə hərbi qüvvələr göndərməsini tənqid etdi.

Toqquşmalar nəticəsində minlərlə insan həlak oldu.

Birləşmiş Millətlər Təşkilatı vəziyyəti “acınacaqlı bir fəlakət” kimi xarakterizə etdi.

Vanqari Maatai

Keniyalı fəal Vanqari Maatai 2004-cü ildə bu mükafata layiq görülən ilk afrikalı qadın oldu.

Maatai mükafatı “Davamlı inkişafa, demokratiyaya və sülhə verdiyi töhfələrə görə” qazandı.

Lakin sonrakı illərdə onun HİV və QİÇS haqqında açıqlamaları ciddi tənqidlərə səbəb oldu.

Maatai HİV-in qaradərililəri öldürmək məqsədilə yaradılmış bioloji silah olduğunu iddia edirdi.

Bu iddianı dəstəkləyən heç bir elmi sübut yoxdur.

Henri Kissincer

1973-cü ildə ABŞ-ın o zamankı dövlət katibi Henri Kissincer Nobel Sülh Mükafatına layiq görüldü.

Kambocada gizli bombardmanlar və Cənubi Amerikada ölüm saçan hərbi rejimlərə dəstək vermək kimi ABŞ xarici siyasətinin ən çox tənqid olunan addımlarından bəzilərində rol oynamış bu şəxsin mükafatlandırılması ciddi tənqidlərə səbəb oldu.

Kissincer Vyetnam müharibəsində atəşkəs sazişinin imzalanmasındakı roluna görə Şimali Vyetnamın lideri Le Dık Tho ilə birlikdə mükafata layiq görülmüşdü.

Vyetnamlı lider mükafatı qəbul etməkdən imtina etdiyi halda, Nobel Komitəsinin iki üzvü də Kissincerə mükafat verilməsinə etiraz olaraq istefa verdi.

Amerikanın The New York Times qəzeti isə bu mükafatı “Nobel Müharibə Mükafatı” adlandırdı.

Mükafata layiq görülməyən Qandi

Bəzən də Nobel Sülh Mükafatına layiq görülməyən şəxslər diqqət çəkir.

Bu baxımdan ən diqqətçəkən ad, yəqin ki, Mahatma Qandiyə məxsusdur.

Dəfələrlə namizəd göstərilsə də, XX əsrdə pasifist hərəkatın simvoluna çevrilmiş hindistanlı siyasətçi heç vaxt bu mükafatı qazana bilməyib.

2006-cı ildə Nobel Sülh Mükafatını verən komitənin rəhbəri olmuş norveçli tarixçi Geir Lundestad Qandinin mükafat siyahısındakı ən böyük çatışmazlıq olduğunu demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir