Rəvan Ali Sübhan “RƏSSAM” – Gənc şairlər nə yazır?
“İNFONEWS” təqdim edir.
RƏSSAM
Əlin fırça tutursa, gəl
Rəngli rəngli boyaları
Qarışdırıb bir-birinə
Siyah-bəyaz lövhədə çək
Qara-qara nöqtələrə
Əlavə rəng qarışdırma
Bəyaz nöqtə rəngi deyil,
Qara nöqtə ləkədirsə,
Zəhmət çəkib nöqtə də çək
Rəsm sənin qabağında
Fırça sənin əlindədir.
Elə yerdə nişan qoy ki,
Hamını bir məqsədə çək.
Qırmızıya parıltı ver,
Alınsa, al rəngini al.
Gördün rəsmdən qan axır,
Laləni ön cəbhədə çək.
Mavi rəngin sərhədi var?
Yoxdur, rahat seçim elə.
Əgər rəsmi bəyənməsən,
Boğ səmanın azadlığın
Buludları qəfəsdə çək.
Günəşin tonun artırıb
Yandır bütün akvareli
Bir az rəhmli davranıb,
“Sunnan” yanan heyvanların
Balaların kölgədə çək.
Götür çobanyastığını
Ayır bütün çiçəklərdən,
Ayır bütün adamlardan,
Sevənlərdən uzaq saxla
Ayrılarlar ləçək-ləçək.
Sən şəklinin, mən sözümün –
İkimiz də rəssamıyıq.
Mən “çəkəndə” oxuyurlar,
Sən çəkəndə göz qoyurlar,
Hansımız yaxşı rəssamıq?
Hansımızdan zövq alırlar?
Görən zaman göstərəcək?!
Kağız cansız, ölümsüzdür.
Kağız bizdən xəbərsizdir.
Biz ölsək o dəyərlidir.
Ölməsəksə dəyərsizdir.
Rəsmdəki elə mənəm…
Mən öləndə faciə çək!
Ağlamalı qəhqəhə çək!
Müəllif: Rəvan Ali Sübhan