ZƏFƏRin yanımızdakı səssiz qəhrəmanları: RUSLAN RÜSTƏMOV

ZƏFƏRin Yanımızdakı Səssiz Qəhrəmanları: RUSLAN RÜSTƏMOV

Biz bu insanlarla hər gün rastlaşırıq: küçədə, məhəllədə, nəqliyyatda, marketdə – addımbaşı yanımızdan keçirlər. Bəzən heç fərqinə də varmırıq ki, təvazökar baxışları olan bu adamlar xalqımızın ən böyük Zəfər tarixinin, şanlı qalibiyyətinin ən əsas müəlliflərindəndirlər. Yalnız yaxından tanış olduqda, hər gün eyni havanı udduğun, bəlkə də əhəmiyyət vermədən yanından ötüb keçdiyin o insanın odlu-alovlu müharibədə yaşadıqlarını eşidəndə donub qalırsan… Və içində dərin bir qürur hissi baş qaldırır, onunla eyni torpağın övladı olduğunu, tanışlığını özünə fəxr sayırsan, qürurlanırsan.
“İNFONEWS” təqdim edir, həmin qəhrəmanlardan biri də Ruslan Elxan oğlu Rüstəmovdur.
Ruslan Rüstəmov 30 avqust 1992-ci ildə Bakı şəhərində, Bakıxanov qəsəbəsində dünyaya göz açıb. 310 saylı tam orta ümumtəhsil məktəbinin məzunudur. 2020-ci il sentyabrın 29-da heç bir çağırış gözləmədən, ürəyinin səsinə qulaq asıb Sabunçu Rayon Hərbi Komissarlığına yollanıb. Könüllü olaraq cəbhəyə yazılan Ruslan dərhal müharibənin ən qaynar döyüş nöqtələrinə göndərilib.
Ruslanla danışanda bir şeyi anlayırsan ki, o, eləcə də, onun silahdaşları, sadəcə, döyüşməyiblər, ölümün gözünə dik baxıblar. Cəbrayıl uğrunda gedən amansız döyüşlərdə Ruslan və silah yoldaşları düşmən qüvvələrini qıratdan (ildırım sürətli zərbə ilə) hücuma keçib məhv edərək, erməni ordusunu geri oturtmağı bacarıblar.
Ruslan qeyd edir ki, onun iradəsinin ən böyük sınağı isə Zəngilanda yaşanıb. Döyüş tapşırığı zamanı tam 4 gün boyunca düşmən mühasirəsində, odun-alovun içində ac-susuz qalsalar da, bir addım belə geri çəkilməyiblər. Qəlblərindəki Vətən sevgisi və qələbəyə inam bu polad iradəli igidləri mühasirəni yararaq zəfərə doğru addımlamaqlarına imkan verib.

Döyüş meydanında göstərdiyi bu rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və Ruslan Rüstəmov “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Ruslandan soruşandakı “həmişə belə olmusan?”. O, kövrək bir səmimiyyətlə etiraf etdi ki, “Müharibədən əvvəlki Ruslanla sonrakı Ruslan çox fərqlidir… Əvvəllər yalnız ata-babalarımızdan eşitdiyimiz, müəllimlərin söylədiyi, kitablarda, əsərlərdə oxuduğumuz, filmlərdə izlədiyimiz, heç də real olduğunu bilmədiyimiz VƏTƏN, TORPAQ, BAYRAQ və əlbəttə ki, ANA sevgisini, həmçinin bütün  xüsusi, ali hissləri məhz müharibədə gerçəkdən yaşayırsan, canınla, qəlbinlə, ruhunla hiss edirsən…Və yanan atəşlərin, alovların içinə də qoxmadan səni aparan, atan bu hisslər olur.”

Ruslan Rüstəmov yenə Bakıxanov qəsəbəsinin küçələrində sakitcə, təvazökarlıqla gəzir. Sinəsindəki medalları yox, keçdiyi o ağır yolları, itirdiyi Şəhid yoldaşlarının xatirəsini qəlbində daşıyır. Biz isə səninlə qürur duyuruq, Vətənin adsız, amma dastan yazan qəhrəmanı!
Qeyd edək ki, Ruslan Rüstəmov “Azərpotç” MMC-də “Müştəri xidmətləri” şöbəsinin mütəxəssisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir