Türk Şurası energetika nazirlərinin birinci iclasının gündəliyi açıqlanıb
“İNFONEWS” xəbər verir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) energetika nazirlərinin birinci iclası fevralın 24-də keçiriləcək.
Bu barədə Türk Şurasına istinadən məlumat verir.
Tədbirin təşkilatçısı Azərbaycanın energetika naziri Pərviz Şahbazov olacaq. O və Türk Şurasının Baş katibi Bağdad Amreyev açılış nitqi ilə çıxış edəcək.
Daha sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye naziri Kubanıçbek Turdubayev, Özbəkistanın energetika naziri Əlişir Sultanov və Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin enerji siyasətindən məsul Dövlət naziri Attila Steiner çıxış edəcəklər.
İclas zamanı təşkilata üzv dövlətlərin enerji sahəsində ata biləcəyi birgə addımlar nəzərdən keçiriləcək.
Nazirlər Türk Şurası ölkələri arasında enerji sahəsində çoxtərəfli əməkdaşlığın mövcud vəziyyətini müzakirə edəcək, enerji əməkdaşlığının inkişafı və şaxələndirilməsi, eyni zamanda, bölgə daxilində enerji əlaqələrinin yaxşılaşdırılması imkanları barədə də fikir mübadiləsi aparacaqlar.