Mədəniyyət Nazirliyində Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
“İNFONEWS” xəbər verir.
Fevralın 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi olduğunu bildirib. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqların, ölkələrimiz arasında imzalanmış sənədlərin əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini diqqətə çatdıran Anar Kərimov qeyd edib ki, Azərbaycan Fransa ilə mədəniyyət sahəsində də münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verib.
Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula görə nazirə təşəkkürlərini ifadə edərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar. Qonaqlar ölkəmizlə əməkdaşlıq istiqamətləri sırasında mədəniyyət sahəsinə xüsusi önəm verdiklərini bildiriblər.
Görüş zamanı işğaldan azad olunan ərazilərdə tarixi və mədəniyyət obyektlərinin vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı təcavüzkar siyasət həyata keçirib və həmin ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb. Eyni zamanda, təkcə ölkə daxilində deyil dünya miqyasında xristian irsinin qorunmasına töhfələr vermiş Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq xristian dini mirasının və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə mühafizə edildiyini diqqətə çatdırıb.
Daha sonra iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin reallaşdırılması, mədəniyyət tədbirlərinin təşkili və bu barədə məlumatların Fransa mediasında da geniş işıqlandırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı əlaqələrin perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.