Kitab oxumayan insan ruhsuz bədənə sahibdir – Xəyal Məmmədli
“İNFONEWS”–un “Özündən soruşduq” rubrikasının qonağı Xəyal Məmmədlidir
“İNFONEWS”: – Xəyal, Sizi yaxından tanıyaq.
Xəyal Məmmədli: – Mən hal-hazırda Macarıstanın Szeged Universitetində Beynəlxalq iqtisadiyyat və biznes proqramı üzrə magistr təhsili alıram. 22 yaşım var. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında Marketinq ixtisası üzrə almışam. Həmçinin İspaniyanın “IE Business School”, İsveçrənin “University of Geneva”, ABŞ-ın “Yale University”, “Columbia University in the City of New York” və “University of California, Davis” tərəfindən təşkil olunan müxtəliq iqtisadi istiqamətlər üzrə ixtisas artırma kurslarında iştirak etmişəm.
“İNFONEWS”: – Haqqınızda dinlədikcə, Sizinlə qürur duymamaq mümkün deyil. Belə uğurlu təhsil mütləq şəkildə zaman alır. Bəs heç asudə vaxtınız qalırmı? Boş vaxtlarınızı necə keçirirsiniz?
Xəyal Məmmədli: – Asudə vaxtlarımı effektiv və səmərəli dəyərləndirmək üçün internetdən iqtisadi, biznes və texnoloji informasiyalar oxumağı, musiqiyə qulaq asmağı, səyahət etməyi, fərqli mövzularda fikir mübadilələri aparmağı və TEDx çıxışlarını izləməyi sevirəm. İngilis, rus və ispan dillərində sərbəst danışıram, digər dilləri də öyrənməyə vaxt ayırıram.
“İNFONEWS”: – Anladığımız qədər şəxsi inkişaf Sizin üçün çox önəmlidir.
Xəyal Məmmədli: – Bəli, şəxsi inkişaf mənim üçün ön plandadır. Hər bir fürsətdə yeni bir məlumat əldə etmək, özümü inkişaf etdirmək ali məqsədlərim siyahısındadır. Təbii ki, buna görə də kitab oxumaq, mütaliə etmək həyatımın bir parçasıdır. Kitab oxumaq artıq uşaq vaxtlarımdan məndə bir vərdiş halına çevrilmişdi. Əlbəttə, burada öz maraqlarımla bərabər, ailəmin, ətraf mühitin və təhsil aldığım universitetlərin rolu danılmazdır.
“İNFONEWS”: – Keçək ən maraqlı sorğumuza; hansı kitabları mütaliə etməyə üstünlük verirsiniz?
Xəyal Məmmədli: – Müxtəlif mövzularda kitablar oxumağı sevirəm, əsasən, klassik, fəlsəfi, detektiv, bioqrafik, tarixi, dünya ədəbiyyatı və biznes janrlarında kitablar oxuyuram.
“İNFONEWS”: – Bədii ədəbiyyat ruhumuzun qidasıdır ki, mütaliəsi olduqca əhəmiyyətlidir. Sevdiyiniz kitablardan bir neçəsinin adını çəkərdiniz.
Xəyal Məmmədli: – Ən sevdiyim kitablar arasına Mario Puzo – “Xaç atası”, Frensis Skott Fitscerald – “Möhtəşəm Qetsbi”, Ernest Heminquey – “Qoca və dəniz”, Dante Aligyeri – “İlahi komediya”, Çarlz Dikkens – “Böyük ümidlər”, Con Steynbek – “Qəzəb salxımları”, Alber Kamü – “Yad”, Lev Tolstoy – “Anna Karenina”, Harper Li – “Bülbülü öldürmək”, Şarlotta Bronte – “Ceyn Eyr” və Cek London – “Martin İden” daxil ola bilər. Ümumiyyətlə, hesab edirəm ki, bu sadaladıqlarımdan başqa da oxuduğum və oxumadığım hər bir kitabın öz dünyası və gözəlliyi vardır.
“İNFONEWS”: – Ən son hansı kitabı oxuyursunuz?
Xəyal Məmmədli: – Son oxuduğum əsər Anna Frank tərəfindən qələmə alınan “Gənc qızın gündəliyi” avtobioqrafiyasıdır.
“İNFONEWS”: – Sonda kitab oxumayanlara, bədii ədəbiyyat və digər kitablara ayrılan vaxtı mənasız sayanlara nə deyrdiniz?
Xəyal Məmmədli: – Kitab oxumayan insan hesab edirəm ki, ruhsuz bədənə sahibdir. Kitab oxumaq həm də fikir mübadiləsi aparmaqla eyni səviyyədədir.
Bu gün ən uğurlu, maraqlı gənclərdən biri ilə həmsöhbət olduq. Belə gənclərimizi gördükcə, Azərbaycanımızın gələcəyinin əmin əllərdə oldugunu düşünürük.
“İNFONEWS” komandası adından Macarıstanda xalqımızı layiqincə təmsil edən hörmətli Xəyal Məmmədliyə təşəkkür edirik, həm təhsilində, həm də gördüyü bütün işlərdə uğurlar arzulayırıq.