HEYDƏR ƏLİYEV – Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri

İNFONEWS  AZƏRTAC-a istinadən

 

Bu gün Azərbaycan xalqının görkəmli oğlu, Ulu Öndər Heydər Əliyevin anım gününü böyük ehtiramla qeyd edirik. Müasir, müstəqil Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin gördüyü mütərəqqi işlər və Vətənimiz qarşısındakı misilsiz xidmətləri onu xalqımızın Ümummilli Liderinə çevirmişdir. Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış və əməlləri ilə xalqımızın əbədiyaşar liderinə çevrilmiş dahi şəxsiyyətdir.

Geniş diapazonlu fəaliyyəti ilə seçilən bu fövqəlinsan hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Ümummilli Lider respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətlər göstərmişdir. Hər şeydən öncə, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, ölkəmizdə iqtisadi və siyasi sabitliyin təmin olunması, Azərbaycanın beynəlxalq arenada tanınması və böyük uğurlar qazanması dahi şəxsiyyətin adı ilə bağlıdır.

Müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanması və dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alan, milli dövlətçiliyimizin təməlini qoyan, milli dövlətçilik ənənələrini formalaşdıran və müstəqil Azərbaycanın yeni arxitekturasını quran məhz Heydər Əliyev olmuşdur. Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyev dünya azərbaycanlılarını vahid Vətənimiz ətrafında birləşdirməyə nail olmuşdur.

Belə demək mümkünsə, Heydər Əliyev təmsil etdiyi xalqın simasını, istək və arzularını, ideyalarını, məqsədlərini öz obrazında yüksək mükəmməlliklə təcəssüm etdirə bilmişdi. Xalqının lideri olan müdrik siyasətçi verdiyi bütün qərarlarda və atdığı bütün addımlarda ümumxalq mənafeyini və ədaləti hər şeydən üstün tutub.

Azərbaycanın sosial-iqtisadi yüksəlişinin təmin olunması, milli ruhun oyanışı, milli kadr potensialının formalaşdırılması, hərbi məktəblərin açılması, silahlı qüvvələrin yaradılması, demokartik-hüquqi dövlətin qurulması, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyən edilməsi Ulu Öndəri əbədiyaşar edən əməllərdəndir.

Danılmaz həqiqətdir ki, ölkəmizdə milli özünüdərk prosesinin baş tutması, Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi və milli həmrəyliyin güclənməsi Heydər Əliyevin adı ilə bağlıdır. Milli neft strategiyasının işlənib hazırlanması və uğurla reallaşdırılması, Tarixi İpək Yolunun bərpa olunması təşəbbüsünün irəli sürülməsi, Azərbaycanın dünya birliyinin bərabərhüquqlu subyektinə çevrilməsi, ölkəmizin uzunmüddətli və davamlı inkişaf yoluna qədəm qoyması Ulu Öndərin mühüm xidmətləri sırasındadır.

Sözün əsl mənasında unikal şəxsiyyət və böyük rəhbər olan Heydər Əliyev bütün həyatını və fəaliyyətini doğma xalqına xidmət, milli maraqlara sədaqət və milli dəyərlərə bağlılıq prinsipləri əsasında qurmuşdur.Ulu Öndərin Azərbaycan xalqı üçün göstərdiyi xidmətləri onun aşağıdakı sözləri daha gözəl ifadə edir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.

Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidməti qurub-yaratdığı Azərbaycanı daha da inkişaf etdirəcək layiqli davamçısını yetişdirməsidir. Məhz Ulu Öndərin miras qoyduğu siyasi kursa sadiq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi, böyük qətiyyəti, uzaqgörən siyasəti və yüksək sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində qalib gəldik. Məhz Heydər Əliyev ideyalarına söykənən Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri tarixi zəfərə imza atdı. Əminik ki, indi Ümmilli Liderimizin ruhu şaddır.

Ruhun daim şad olsun, Ulu Öndər!

 

ŞAHİN BAYRAMOV

Mingəçevir Dövlət Universitetinin rektoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir