“Azərbaycanın razılığı olmadan Ermənistan blokadadan çıxa bilməyəcək”
“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.
“Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərinin təmiri ilə əlaqədar Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql olunacaq. Azərbaycan tərəfinin buna razılıq verməsi yeni reallıqlara uyğun uzunmüddətli sülhün və əminamanlığın təmin olunmasına verdiyi böyük bir töhfədir.
Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, digər bir tərəfdən isə 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli razılaşmalarda kommunikasiyaların, yeni nəqliyyat dəhlizlərinin açılması, qarşılıqlı əlaqələrin qurulması təsbit olunmuşdur ki, məhz bunun da hər birinin təşəbbüskarı Azərbaycandır:
“Azərbaycanın bu təşəbbüsü ilə bölgənin bütün ölkələri açılacaq nəqliyyat dəhlizlərindən istifadə edərək iqtisadi faydalar görəcəklər. Yəni Azərbaycan öz ərazisindən Rusiya qazının Ermənistana müvəqqəti nəqlinə razılıq verməklə bir daha nümayiş etdirdi ki, bu kommunikasiyaların, qarşılıqlı əlaqlər qurulmasında maraqlıdır.
Digər bir tərəfdən, belə bir müvəqqəti razılığın verilməsindən sonra nəhayət ki, Ermənistan hərbi-siyasi rəhbərliyi, o cümlədən erməni xalqı başa düşməlidir ki, Azərbaycanın razılığı, icazəsi olmadan Ermənistan blokadandan çıxa bilməyəcək.
Ermənistan rəhbərliyi də, siyasi qüvvələr də, erməni xalqı da artıq anlamalıdır ki, Azərbaycanın icazəsi olmadan Ermənistan daxilindəki xaotik vəziyyət, sosial-iqtidsadi böhran düzəlməyəcək, əksinə daha da dərinləşəcək. Əgər Ermənistan sağlam düşüncə ilə bu münasibətlərə istiqamətlənməsə Ermənistandakı xaotik və acınacaqlı vəziyyət daha da dərinləşəcək və ölkə tamamilə tənəzzülə uğrayacaq”.
Qeyd edək ki, “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərinin təmiri ilə əlaqədar Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql olunacaq. Bu barədə “Qazprom Eksport” şirkətinin mətbuat xidməti bildirib. Qeyd olunur ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) qısamüddətli müqavilə imzalanıb. Müqaviləyə əsasən, qaz Azərbaycan ərazisindən Gürcüstan sərhədinədək nəql olunacaq.