Rabitə nazirliyinə yeni mətbuat katibi təyin edilib
“İNFONEWS” xəbər verir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev yeni müşavir təyin edib.
Nazirlikdən verilən məlumata görə, müşavir Bayramov Rəşad Bayram oğlu KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.
Rəşad Bayramov 1979-cu ildə anadan olub.
O, 1995 – 2001-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsil alıb.
2004-cü ildə Roçester Texnologiya İnstitutunda (ABŞ) Kommunikasiya və media texnologiyaları üzrə magistr dərəcəsi əldə edib.
R.Bayramov 2019 – 2020-ci illərdə Dyuk Universitetinin Fuqua Biznes Məktəbində (ABŞ) Strategiyaların icrası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.
2004-cü ildən fəaliyyətini BP şirkətində davam etdirən R.Bayramov müxtəlif vəzifələrdə işləyib. 2011 – 2018-ci illərdə BP şirkətinin Xarici işlər şöbəsinin müdiri, 2018 – 2021-ci illərdə isə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə transformasiya və modernləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Rəşad Bayramov 2016-cı ildən etibarən bir sıra beynəlxalq təhsil müəssisə və mərkəzlərində, o cümlədən ADA Universiteti, Koç Universiteti və Yaxın Şərq Liderlik Akademiyasında effektiv kommunikasiya mövzusunda mühazirə və seminarlar aparır