Payızlıq əkinlərə yaz qayğıları göstərilir
“İNFONEWS” xəbər verir.
İsmayıllı rayonunda cari ilin məhsulu üçün ötən ilin payızında 30424 hektar sahədə taxıl əkilib və hazırda əkinlərə yaz qayğıları göstərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə bildirilir ki, əkin sahələri əvvəlki ilin göstəricisindən 259 hektar çoxdur. Əkinlərin 22719 hektarı buğda, 7705 hektarı isə arpadır. Hazırda bütün ərazilərdə, xüsusilə rayonun iri taxılçılıq təsərrüfatları olan və 4150 hektarda taxıl əkilən Qubaxəlilli, 1640 hektarda əkin aparılan Hacıhətəmli, habelə Quşencə, Qalagah və bir sıra digər ərazi dairələrində sahələrə aqrotexniki quluq işləri göstərilir.
Qeyd edək ki, ötən il rayonda buğdanın hər hektarından 36.2 sentner, arpanın hər hektarından isə 31.5 sentner olmaqla sahələrdən 104332 ton məhsul yığılıb. Keçən ildəki məhsuldarlığın qorunub saxlanması üçün fermerlər və fiziki şəxslər yaz-tarla işlərinə daha fəal başlayıblar. Hazırda sahələrə yemləmə gübrəsi verilir, alaq otlarına və yabanı vələmirə qarşı kimyəvi mübarizə tədbirləri aparılır. Xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülür. Artıq 3000 hektardan çox sahəyə yemləmə gübrəsi verilib, 1000 hektarda zərərvericilərə, 1500 hektarda isə alaq otlarına qarşı mübarizə tədbiri aparılıb. Gün ərzində sahələrə kifayət qədər texnika çıxarılır. Gübrə, pestisid və texnika təminatında hər hansı çatışmazlıq yoxdur. Əkinlərə aqrotexniki qulluq işlərinin gedişi rayon Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərin iştirakı ilə sistemli şəkildə müzakirə olunur.