Millimizin qapıçısı UEFA-nın siyahısında ikinci olub
“İNFONEWS” xəbər verir.
UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin üçüncü turundan sonra statistik göstəriciləri açıqlayıb.
Futbol üzrə Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ilk oyunlardan sonra ən çox qurtarış edən iki qapıçıdan biridir. İyirmi yeddi yaşlı qolkiper yığmanın Portuqaliyaya 0:1 hesabı ilə uduzduğu ilk matçda 14, Serbiyaya 1:2 hesabı ilə məğlub olduqları görüşdə 5 “seyv”lə yadda qalıb. San-Marinodan Elia Benedettini də 19 qurtarış edib. Lakin o, Ş.Məhəmmədəliyevdən fərqli olaraq, bunu 3 görüşdə bacarıb. Cəbəllütariqin çərçivə qoruyucusu Deyl Kilinq isə 18 “seyv”lə üçüncü pillədə qərarlaşıb.
Üç turdan sonra bombardirlik yarışına Serbiya yığmasından Aleksandar Mitroviç başçılıq edir – 4 qol. Onun komanda yoldaşı Duşan Tadiç 4 məhsuldar ötürmə ilə liderdir.
İspaniya millisindən Erik Qarsiya 3 matçda 327 dəqiq ötürmə ilə yadda qalıb.
Danimarka seçməsi (14 qol) 3 oyundan sonra ən çox fərqlənən komandadır.
Qapılar qarşısında ən çox təhlükəli vəziyyəti Niderland yığması yaradıb. Komanda bunu 91 dəfə bacarıb.