Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanı başa çatıb
“İNFONEWS” xəbər verir.
Aprelin 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahan Bakı və Gəncə şəhərlərində keçirilib. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 130 nəzarətçi müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahan materiallarının daşınması və emalı ilə əlaqədar nəticələrin aprelin 12-də elan olunması nəzərdə tutulur.
(AZƏRTAC)