Lerik Şəhidlərindən bəhs edən kitab çapdan çıxdı
“İNFONEWS” “Adalet.az” -a istinadən xəbər verir.
Lerik rayonunun vətənpərvər oğulları 1-ci və 2-ci Qarabağ savaşlarında fədakarlıqla döyüşmüşlər. Leriklilər 213 şəhid oğlunun xatirəsini həmişə əziz tutur. Məhz bu ehtiramın təzahürüdür ki, bu günlərdə tanınmış lerikli yazar Xalid Mahmud Lerik şəhidlərindən bəhs edən 444 səhifəlik “Əbədiyyət yolçuları” kitabı ilə oxucuların görüşünə gəlib
Xatırladaq ki, Xalid MAHMUD (Xalid Qədiməli oğlu Ağayev) 22 dekabr 1982-ci ildə Lerik rayonunun Şivlə kəndində ziyalı ailəsində anadan olub. Atası Qədiməli Əhməd respublikanın tanınmış qələm adamlarından biridir. Bir çox nəzm, nəsr, elmi və publisistik əsərlərin müəllifidir.
Xalid Mahmud hələ orta məktəbdə oxuduğu illərdə poeziyaya böyük maraq göstərmiş və ilk şeirlərini də elə bu illərdə qələmə almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş, milli ordudan tərxis edildikdən sonra bir müddət ayrı-ayrı qəzet və jurnallarla əməkdaşlıq etmişdir. İlk şeirləri “Lerik”, “Bizim era”, “Azərbaycan gəncliyi”, “Ədəbiyyat naminə” qəzetlərində, “Məşəl” jurnalında çap olunmuşdur. 2006-cı ildə yüksək balla Azərbaycan Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində ictimai fəallığı ilə seçilmiş, onun təşəbbüsü ilə universitetdə təşkil edilmiş poeziya məclisinin aparıcı üzvlərindən olmuşdur. İlk şeirlər kitabı olan “Həsrət qoxulu sevgi” 2007-ci ildə “Açıq dünya” nəşriyyatı tərəfindən 500 tirajla nəşr edilmişdir. Elə həmin ildə“Qar yağır” şeirinə görə “Qarabağ harayı” fəxri fərmanı ilə təltif edilmişdir. Sonralar “Azərbaycan”, “Ulduz”, “Mars”, “Sənət”, “Kaspi” və digər qəzet və jurnallarda əsərləri çap olunmuşdur. “Həsrət qoxulu sevgi” (2007), “Bu mənim dünyamdı” (2008), “Ovcumda açılan sabah” ( 2009), “Yalnızlığın rəsmi” (2014)şeirlər və poemalar, “Sözün Əli Kərim zirvəsi” (Elmi),(2011), “Mənalı yaşanan ömür”, (Xatirə povest), (2015), “Əbədiyyət yolçuları”, (Qısa ensklopedik toplu), (2016), “Hər ömürdən sətirlər”, II cild.(2020) adlı kitabların müəllifidir. Şeirləri ingilis və rus dillərinə tərcümə olunub.
Xalid Mahmud İctimai fəallığına və bədii yaradıcılığına görə gənc yazarlar arasında 2010-2011-ci illərin “Prezident təqaüdçüsü” olmuşdur. 2018-ci ildə Azərbaycan Xalq şairi Məmməd Arazın 85 illik yubleyi münasibəti ilə lll “Məmməd Araz Poeziya Günü” çərçivəsində keçirilən şeir müsabiqəsinin qalibi olmuş, 1-ci dərəcəli diplomla təltif edilmişdir. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
***
Xalid Mahmudun bu yaxınlarda Lerik şəhidlərindən bəhs edən “Əbədiyyət yolçuları” kitabının yenidən işlənmiş və təkmilləşdirilmiş variantı çapdan çıxıb. 444 səhifə 330 tiraj olan kitab Lerik rayonunun Çayrud kəndində doğulan I Qarabağ Müharibəsinin Rembo ləqəbli əfsanəvi qəhrəmanı Elxan Əlibəylinin həyat yoldaşı, hazırda Nederland krallığında yaşayan Vəsilə Əfladdun qızı Almasovanın maddi dəstəyi ilə işıq üzü görüb. Kitabda biri 20 Yanvar, biri Xocalı şəhidi olmaqla bərabər 213 lerikli şəhidin qısa tərcümeyi-halı, keçdiyi döyüş yolu öz əksini tapmışdır.
Birinci Qarabağ savaşı şəhidləri arasında Müslümov Valeh Əlizaid oğlu, Şahbazov Fəxrəddin İbrahim oğlu, Abdulayev Rövşən Əbdülhüseyn oğlu, Ağayev Fərhad İslam oğlu, Əliyev Əsgər Ələkbər oğlu Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına laiq görülmüşlər. Xaqani Xanıbəy oğlu Rüstəmov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, Pələngov Bünyadəli Qulam oğlu ölümündən sonra “İgidliyə görə qızıl medal”ı ilə təltif olunublar. Cəbrayıl Atamalı oğlu Ağayevə isə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi üçün hərbi hissə komandiri tərəfindən təqdimat yazılsa da, məlum olmayan səbəblərə görə bu məsələnin icrası həllini tapmamışdır.
2015-2016-cı illərdə Tovuz və Aprel döyüşlərində də Lerik rayonu üç şəhid vermişdir. Həmin döyüşlərdə şəhid olan Ruslan Qalib oğlu Ağayev, Vüsal Əmir oğlu Əliyev və Natiq Namiq oğlu Tahirli Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişlər. İkinci Qarabağ savaşına kimi Lerik rayonu ümumilikdə 150-dən çox şəhid vermişdir.
27 sentyabr 2020-ci ildə başlanan, 44 gündən sonra qələbə ilə başa çatan İkinci Qarabağ savaşında da Lerikin minlərlə sakini döyüşlərdə iştirak edərək qəhrəmanlıqlar göstərib vətənə sədaqətlərini bir daha nümayiş etdirdilər. Bu döyüşlərdə Lerik rayonu 60-dan çox şəhid verdi.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci ildə imzaladığı sərəncama əsasən Füzuli cəbhəsində tank komandiri olan mayor Amid Rəbbil oğlu Heydərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Polkovnik-leytenant Mehman Mirəziz oğlu Şirvanov “Qarabağ” ordeni, baş-leytenant Əliqismət Mükafat oğlu Yaqublu “Azərbaycan Bayrağı” ordeni, leytenant Murtuz Çingiz oğlu Abbasov “Azərbaycan Bayrağı” ordeni, Xüsüsi Təyinatlı Qüvvələrin giziri Tarzən Qəhrəman oğlu Həşimov “Cəsur döyüşçü” medalı, Xüsüsi Təyinatlı Qüvvələrin giziri Vasif Gülhəsən oğlu Mehbalıyev“Azərbaycan Bayrağı” ordeni, Xüsüsi Təyinatlı Qüvvələrin giziri Babək Süleyman oğlu Mahmudov “Zəfər” ordeni, Dövlət Sərhədd Xidmətinin kiçik giziri Təbriz Məhərrəməli oğlu Talıbov “Vətənə xidmətə görə“ordeni, Hərbi Dəniz Qüvvələrinin miçmanı Elvin Ramiz oğlu Səfərov “Qarabağ” ordeni, Xüsüsi Təyinatlı Qüvvələrin əsgəri Firdovsi Balaxan oğlu Tahirov “Cəsur döyüşçü” medalı, əsgər Rəşad İlham oğlu Mikayılzadə “Döyüşdə fərqlənməyə görə” medalı, əsgər İmaməli Elman oğlu İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və bir sıra medallarla təltif edilmişlər.
Döyüşdə iştirak edərək qəhrəmancasına şəhid olan digər şəhidlər də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müxtəlif adda medallara laiq görülüblər.
Müəllifin verdiyi məlumata görə kitab İkinci Qarabağ savaşı şəhidlərinin ailələri üçün pulsuz nəzərdə tutulub. Kitabdan əldə olunan gəlirlə kitabın yenidən nəşi nəzərdə tutulur. Məqsəd şəhidləri daha geniş oxucu auditoriyasına tanıtmaqdır.
Hazırda birinci və ikinci Qarabağ savaşında döyüşərək qəhrəmanlıqlar göstərən qazilər haqqında kitabın çapı üşün hazırlıq işləri gedir.