Deputatlar vətəndaşları vaksinasiya olunmağa çağırır: “Başqa yolumuz yoxdur”
“İNFONEWS” xəbər verir.
“COVID-19-dan qorunmaq üçün sosial məsafə gözlənilməli, gigiyenik qaydalara əməl edilməli və tibbi maskalardan istifadə olunmalıdır. Bunlar minimum tələblər və sadə üsullardır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, son günlər qardaş Türkiyədə və bir çox ölkələrdə koronavirusa yoluxma, həmçinin ölüm hallarının artması müşahidə olunur: “Bu da hər birimizi narahat edir. Yoluxma halları ilə əlaqədar ölkəmizdəki hazırkı vəziyyət də ürəkaçan deyil. Dövlətimiz bu bəlanın qarşısının alınması istiqamətində çox ciddi addımlar atır və vaksinasiya prosesinə başlayan ilk ölkələrdən biriyik”.
Deputat vurğulayıb ki, bir çox ölkələrdə yoluxma çox oldğuna görə sərt karatın rejimi tətbiq edilir: “Biz arzulamırıq ki, bu proses bizim ölkəmizdə də baş versin. Çünki sərt karatin rejiminin tətbiq edilməsi ölkə iqtisadiyyatına və biznes sahələrinə çox ciddi ziyan vurur. Bu bəladan qurtulmağın yeganə və əlimizdə olan yolu vaksinasiyadan keçməkdir. Bildiyiniz kimi bu ilin yanvarın 18-dən ölkəmizdə aşılanma prosesinə start verilib və hazırda da davam edir. Vətəndaşlarımızı vaksinasiya prosesinə fəal şəkildə qoşulmağa çağırıram. İnanıram ki, biz necə 44 günlük Vətən müharibəsi zamanı dəmir yumruq ətrafında sıx birləşərək qalib gəldik, indi də birlikdə bu bəlanın öhdəsindən gələcəyik”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, həkim Rəşad Mahmudov isə deyib ki, peyvənd koronavirusa yoluxma zaman ağırlaşmanın və bundan qaynaqlanan ölüm hallarının qarşısını almaqda köməkçi bir vasitədir.
O vurğulayıb ki, istənilən bir ölkədə pandemiya dalğalarının yüksəlməsi zamanı milli səhiyyə sistemlərinə ağır yük düşür: “Həmin vəziyyətlərdə qapanmalar və sərt məhdudiyyətlərin tətbiqi hər bir vətəndaş üçün bərabər şəkildə olmalıdır. Çünki həmin dönəmdə vaksin olunmuş olsaq belə, bizlərin yoluxaraq ətrafımıza təhlükə yaymaq ehtimalımız var. Ona görə də bugünkü dünyanın reallıqlarını nəzərə alaraq bir daha karantin rejiminin tələblərinin hər kəs üçün eyni şəkildə olmasının vacibliyini vurğulamağı özümə borc bilirəm”.
Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 30 1661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 265 539 nəfər müalicə olunaraq sağalıb, 4 169 nəfər vəfat edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 337 380, birinci mərhələ üzrə peyvənd olunanların sayı 889 232, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 448 148 nəfər təşkil edir.