Pedaqoji Universitetin alimi Azərbaycanın fizika üzrə ən gənc elmlər doktoru oldu
“İNFONEWS” xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin dosenti, fizika üzrə fəlsəfə doktoru Sakin Cabarov fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib.
Bu barədə universitetdən məlumat verilib. AMEA Fizika İnstitutunda keçirilən müdafiədə alim “Perovskitlərdə və heksaferritlərdə təzyiq və temperaturun təsiri ilə quruluş və maqnit faza keçidləri” mövzusunda elmi tədqiqat işi ilə bağlı əldə etdiyi nəticələri təqdim edib. Tədqiqata cəlb olunan mövzu və əldə edilən nəticələr müasir Azərbaycan fizika elmində ciddi irəliləyişdir.
Qeyd edək ki, dosent S.Cabarov müasir dövrdə ölkəmizdə fizika sahəsində elmlər doktorluğu üzrə dissertasiya işi müdafiə edən ən gənc alimdir. O, elmi tədqiqat işlərini Dubnada (Rusiya) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, Hamburqda (Almaniya) “DESY” Elmi-Tədqiqat Mərkəzində və Bayroyt Universitetinin (Almaniya) Bavariya Eksperimental Geokimya və Geofizika İnstitutunda yerinə yetirib. “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda çap olunan yüksək impakt faktorlu məqalələrin müəllifidir. Elmi əsərlərinə beynəlxalq səviyyədə çoxsaylı istinadlar verilib.