Yaşamaqdan doymur ürək…
“İNFONEWS” xəbər verir.
Şair Mövlud Teymurun ömür yelkəni yetmişinci sahilə yan alır. Lakin o, həmişə gəncdir, qocalıq sözü qətiyyən ona yaraşmır. Zamana qalsa bu, doğrudan da belədir. Bəs onda gənclik eşqi ilə çırpınan, hələ yazıb-yaratmaqdan doymayan ürəklə hesablaşmayaq? Şairi cavan saxlayan onun ruhu və çağlayan ilhamı, qəlbindən süzülüb gələn qanadlı misralar və həyat eşqidir. Bəlkə də Mövludun gənclik sirrinin biri də onun çox işlərini hələ tamamlamamağı, sözünü deyib bitirməməyidir.
AZƏRTAC xəbər verir ki, zaman ömrünün 70-ci baharını yaşayan şair Mövlud Teymurun saçlarına sığal çəksə də, coşub-çağlayan gur ilhamını zərrə qədər də azalda bilməyib. Poeziyaya olan bu məhəbbətin mayasında Mövlud Teymurun halallığı, düzlüyü, vətənə, torpağa, el-obaya qəlbən bağlılığı durur. Onun qələmindən çıxan poetik misraların şirəsini, mayasını ülvi, pak hisslər təşkil edir. Onu oxucuya sevdirən də sözündəki səmimiyyətdir. Ədəbiyyatda səmimiyyət geniş və dərin məna daşıyır. Səmimiyyət şairin zamanla və oxucuyla anlaşıqlı dildə danışmaq bacarığını göstərir.
Hər zaman dövrün, zamanın nəbzini tutmaq iqtidarında olan şairin poeziyasından müharibənin qoxusu, zamanın dəhşətləri, ictimai-siyasi mühitin diktəsi və münasibətlər, şairi düşündürən iztirablar aşılanır və birmənalı olaraq təqdim edilir. Bir neçə onilliklərdir ki, bu aləmdə sirli-soraqlı dünya ilə bağlı fəlsəfi düşüncələrini bizlərlə bölüşür və cəmiyyəti düşündürən məsələləri nəzmə çəkdiyi misraları ilə diqqətə çatdırır. Ruhu gənc, qələmi iti, təfəkkürü aydın və sağlam olan şairin misralarına hakim olan sənət meyarı onu özünün sezmədiyi halda belə 70 yaşın tamamına gətirib çıxardıb. Yetmiş ilin sazağını, istisini, nəşəsini, sevinc və qüssəsini yaşayan şair bir ömür yolundan müəmmalı soraqlarla bu günə gəlib çıxıb. Yaşın ölçüsü yaşanılan illərlə, qəlbin hərarəti ilə ölçüldüyündən, zəngin təəssüratlarla kamilliklə gəncliyin bir ortaq nöqtəsində yaşayır. Mütəmadi olaraq kitablarının oxucusu olduğumuz Mövlud Teymurun yaradıcılıq qayəsində mövzu rəngarəngliyi onun neçə-neçə əsərlərinin meydana gəlməsi ilə nəticələnib. Poeziyasının gücü, qüdrəti ilə Azərbaycan ədəbiyyatına neçə-neçə ədəbi nümunələr daxil etmişdir. Müxtəlif illərin məhsulu olan bu nümunələrdə düşüncə müxtəlif məqam və prizmalara yönələrək, şeir parçalarını meydana gətirməsinə səbəb olub. Onun “Rəsul Rza demişkən”, “Haqqın ömrü”, “Qar bərəkətdir”, “Çox sevirəm anamı”, “Tarixlərdə qalacaq”, “Qarabağ bizimdir”, “Bir sözüm var”, “Ürək yanğısı” kimi şeirlər kitabında şairin düşüncələri ilə tanış oluruq. Şeirlərində Mövlud Teymur insani keyfiyyətlərdən, fərdlərin cəmiyyətə olan baxış və fərziyyələrindən, bu dünyada əbədiyyətə qovuşan və sözü, hikməti ilə bu aləmə iz salan isimlərdən də söz açır. Bahar ömründən xəzan çağına tək, əli qələmli sənətə, vətənə, Azərbaycana, bu torpağın hər bir nemətinə məhəbbət və nəvaziş göstərən insanların iç dünyasının pıçıltılarını nəzmə çəkərək, ideyasını məhz bu qisimdə olan lövhələrdə diqqətə çatdırır. Mövlud Teymur insanpərvər bir şairdir desək, fikrimizdə yanılmarıq.
Belə ki, şair isti nəfəsli insanlara həssaslıqla yanaşıb. Söz mülkündə onların bacardığı tərzdə portretini yaratmağa nail olmuşdur. Bu qələmin qəhrəmanları kimlərdir? Mikayıl Müşfiq, Səməd Vurğun, Nazim Hikmət, Rəsul Rza, Nigar Rəfibəyli, Anar, Osman Sarıvəlli, Əliağa Kürçaylı, Məmməd Araz, Ağabəyim Ağa və onlarla belə Azərbaycan torpağının yetirdiyi böyük ziyalılar nəslindən söz açılır. Mövlud Teymur onların azərbaycançılıq məfkurəsindən, milli mənəvi-dəyərlərimizin təbliğindəki düşüncə tərzinin meyarından söz açmaqla yaradıcı insanların qəlb dünyasının aliliyini göstərməyə çalışır. Mövlud Teymur Azərbaycan torpağının dahilər, istedadlar yetirməsini əsərlərində lirik lövhələrlə əks etdirir.
Mövlud Teymur poeziyası məxsusiliyi, ifadəliyi, obrazlılığı, şaxəliyi ilə seçilir və yadda qalır. Bu poeziya 70 illik bir zaman məsafəsində zənginləşmiş, bədii çaları ilə Azərbaycan poeziyasına orijinallıq gətirmişdir. Daim axtarışda olan şair fikir dünyasını oxucularla hər zaman bölüşür və yeni nəfəsi ilə həyatla, insanla, cəmiyyətlə bağlı mülahizə və qətiyyətini nəzmə çəkir.
Haşiyə: Azərbaycan Yazıçılar Birliyinin üzvü, ixtisasca filoloq olan Mövlud Məmmədhəsən oğlu Teymurov (ədəbi təxəllüsü Mövlud Teymur) 1951-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya göz açıb. İbtidai təhsilini Buynuz kəndində, 5 və 6-cı sinifləri qonşu Topçu kəndində oxuyub, səkkizilliyi Şamaxı şəhər Humanitar təmayüllü internat məktəbində, sonra təhsilini İsmayıllı şəhər 1 nömrəli orta məktəbində və Qalacıq kənd orta məktəbində davam etdirib, onbirliyi isə 1976-ci ildə Bakı şəhərindəki 90 nömrəli fəhlə-gənclər orta məktəbində bitirib.
1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinin əyani şöbəsinə daxil olan Mövlud Teymur 1976-ci ildə ali təhsilini başa vuraraq İsmayıllının Gəraybəyli, Uştalqışlaq, Brovdal və Buynuz kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. O, ali kateqoriyalı metodist müəllim kimi gənc nəslin təlim-tərbiyəsində, onların Azərbaycan ədəbiyyatını sevməsinə böyük əmək sərf etmişdir.
Yeri gəlmişkən qeyd edək ki, o, eyni zamanda, Jurnalist Sənətkarlığı İnstitutunu da bitirib (1974-1976). Mövlud Teymur 1985-ci ilin aprelindən Bakı İxtisaslaşdırılmış Avtomobillər Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.
Orta məktəb illərindən bədii yaradıcılığa başlayan Mövlud Teymurun “Yağış” adlı ilk şeiri 1972-ci ildə dərc olunub. Sonra şeirləri “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Bakı”, “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan pioneri” və sair qəzetlərdə, “Göyərçin”, “Pioner”, “Azərbaycan qadını”, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan təbiəti”, “Kənd əməkçisinin təqvimi” və sair jurnallarda, 70-80-ci illərdə “Gənclik” və “Yazıçı” nəşriyyatlarının buraxdığı “Çinar pöhrələri”, “Mənim bağım, baharım”, “Yaşıl budaqlar”, “Vətən nəğməsi”, “Yeni səslər”, “Azərbaycan” və sair ədəbi-bədii almanaxlarda çap olunub.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Mövlud Teymur “Araz”, “Qızıl qələm”, Beynəlxalq Rəsul Rza mükafatları laureatı və Prezident təqaüdçüsüdür (2013).
Ədəbiyyata, şeirə böyük maraq göstərən Mövlud Teymur İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzeti redaksiyasında fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisinin, sonralar Bakı şəhərində əvvəl şair Vaqif İbrahimin, daha sonra Məmməd İsmayılın rəhbərlik etdiyi Azərbaycan LKGI MK nəzdində fəaliyyət göstərən gənc yazıçıların “Respublika ədəbi birliyi”nin fəal üzvlərindən olub.
Onun keçdiyi ömür yolunu vərəqlədikcə bir daha “Şairin tərcümeyi-halı olmur, taleyi olur” fikrinin böyüklüyünə inanmaya bilmirsən…
Mövlud Teymur “Bir sözüm var”, “Haqqın ömrü”, “Tarixlərdə qalacaq”, “Göyçay çinarları”, “Rəsul Rza demişkən”, “Qarabağ bizimdir”, “Çox sevirəm anamı”, “İsti adamlar”, “Ürək yanğısı”, “Qar bərəkətdir”, “İsmayıllı dağları”, “Gənclik illərim”, “Yaxşı adam”, “Qəlbimin sazı” və digər şeir kitablarının müəllifidir. Ümumilikdə 20-yə yaxın şeir və poemalar kitabı işıq üzü görən şairin bütün kitablarında ana vətənə, doğma yurda, torpağa, elə-obaya, təbii gözəlliklərə bağlılıq ülvi bir hisslə tərənnüm olunur. Həyata münasibət, insanın daxili aləminə varmaq, gəncliyə, təmiz sevgiyə, saf məhəbbətə ucadan baxmaq hissləri, duyğuları bədii dildə, obrazlı, qabarıq şəkildə verilib. Bədii cəhətdən, dil, üslub baxımından zəngin, yaddaqalan olan bu şeirlər oxucuda xoş təəssürat oyadır.
Sözə könül verib, əlinə qələm alandan hər zaman qəlbindən keçəni, düz bildiyini yazıb, oxucunu da düz olmağa, saflığa səsləyib. Onun ömür kredosu məhz bu amal üstə köklənib. Bəlkə də elə bu səbəbdəndir ki, “Mən sözü düz dedim, doğru söylədim, Tərtəmiz söylədim, duru söylədim” deyir.
Onun doğma Azərbaycana həsr etdiyi çox dəyərli misralar var. Bu da onun qəlbindəki sonsuz vətən sevgisindən xəbər verir. O, sanki hər şeiri, hər misrası ilə vətənə olan sonsuz sevgisini oxucu ilə bölüşmək istəyir. Azərbaycana canı, ruhu, öz bədəninin bir hissəsi kimi baxır, Vətənini vuran qəlbi, ürəyi hesab edir və bununla qürurla fəxr etdiyini ifadə edir.
Yer üzündə elə bir şair varmı ki, məhəbbətdən, sevgidən yazmamış olsun. Sözün düzü elə çoxlarını şair edən də nakam sevgilər deyilmi?! Bu mövzuya hər bir qələm adamının öz yanaşması var. Mövlud Teymurun sevgi şeirlərinin duyğu, düşüncəsinin məna yükü səmimi, qəmi, kədəri, köz-köz yanan ürəyin əriyən yanğını selə döndərib insanı bu seldən yaranan kədər gölünə qərq edir.
Kim səni sevirsə, sən də onu sev,
Məhəbbət baxışdan, gözdən yaranır.
Qış sənə gül verməz qardan savayı,
Ətirli çiçəklər yazdan yaranır.
Mövlud Teymurun şeirlərində həm də təbiətə sonsuz bağlılıq var. Bu da təbiidir. Çünki İsmayıllıda, dağların əhatəsində doğulub, təbiətə vurğun olmamaq mümkünsüzdür. Şair şeirlərinin birində “Nə gözəl kəndimiz, yurd-yuvamız var, Gül-çiçək ətirli xoş havamız var”, deyə doğma yurdu, onun min bir dərdə dərman olan havasını, suyunu, başı qarlı dağlarını, sıx meşələrini, nəcib insanlarını nəzmə çəkir. Bəlkə də onu şeirə, poeziyaya bağlayan əsas amillərdən biri də yaşadığı yerin əsrarəngiz təbiəti, bənzərsiz gözəlliyidir.
Onun şeirlərini oxuduqca insanın gözü önündə həm də zəhmətkeş bir qələm adamının, həyatın sınaqlarına sinə gərən, ayaqda durmaq üçün min bir zəhmətə qatlaşan hünərli bir kişinin, əyilməz bir insanın obrazı canlanır. İstər-istəməz hiss edirsən ki, bu misralarda illərin ağrısı-acısı boy verməkdədir…
Mövlud Teymurun ən üstün cəhətlərindən biri də odur ki, xalqının tarixini, mədəniyyətini, ən qədim zamanlardan bəri gələn folklorunu, dil və obrazlar sistemini öyrənib, bunu poeziyanın əsaslarına hopdura bilib. O, türkçülüyü yalnız yaradıcılığının məzmunu ilə deyil, həm də mənsub olduğu etnosun ruhundan gələn ifadə texnologiyası ilə verə bilib. Onun türkçülük mövzusunda olan şeirləri ədəbiyyatımızın ideya göstəricilərindən, Azərbaycan poeziyasının uğurlarındandır, ədəbiyyatımızda yeni bir mərhələdir. İnanıram ki, bu mövzu bundan sonra da onun yaradıcılığında geniş miqyas alacaq, yalnız kiçik həcmli şeirlərlə deyil, türk epos təfəkküründən gələn poemalarla özünü göstərəcək. Bu sadaladıqlarım fikirlər şairin “Türk atası”, “Ulu Türkiyəm”, “Türk elləri”, “Türk dünyası” və digər şeirlərində özünü qabarıq şəkildə büruzə verir. Bu qəbildən olan şeirlərində Mövlud Teymurun Türkiyə sevgisi, türkçülüyə qəlbən bağlılığı, türk dünyasının birliyinə böyük inamı özünü göstərir.
Mövlud Teymur zamanla mühakimədə həyat reallıqlarını nəzmə çəkir. Bu sətirlərin qoxusundan yaradıcı şəxsin ruhunu sezməmək mümkün deyildir. İnsan təbiəti, xarakter və keyfiyyət fərdiliyi, məhz qələmə alınan nümunələrdə özünü göstərir. Dövrün, zamanın nəbzini tutmaq iqtidarında olan şairin poeziyasından müharibənin qoxusu, zamanın dəhşətləri, ictimai-siyasi mühitin diktəsi və münasibətlər, şairi düşündürən iztirablar aşılanır və birmənalı olaraq təqdim edilir.
Mövlud Teymur yaradıcılığında dövlətimizin mövcud səltənətə yiyələnməsində ulu öndər Heydər Əliyevin əməyini şeir dilinə çevirərək, onun bəşəriliyini qürurla tərənnüm edir. Şair adı tarixdə qalacaq böyük liderin xalq üçün gördüyü işləri sadalamaqla yaratdığı poetik nümunənin məzmununa gözəllik, ülvilik bəxş edə bilmişdi. Bu məfhumlar məhz Heydər Əliyev işığından şeirə süzülüb gələrək, onun bədii mahiyyətini və dəyərini yüksəyə qaldırır. Şairin “Ağ atlı xilaskar”, “Tarixlərdə qalacaq” (şeirlər və poema) kitabları ümummilli lider Heydər Əliyevə həsr olunub. Şair Heydər Əliyevin tarixə həkk etdiyi silinməz izləri incə ştrixlərlə nəzmə çəkib. “Azərbaycan – Heydər”, “Sevindirdi bu xalqı”, “Unutmayaq xidmətini Öndərin” və s. başlıqlı şeirlərində adlarından göründüyü kimi Heydər Əliyevin böyük bir şəxsiyyət olaraq zamanla ölçülməyən əməllərini diqqətə çəkmiş, onun fəaliyyətinin fövqündə böyük ideyaların gerçəkləşdiyini və Azərbaycanın dünyaya açılan qapılarının məhz layihələrinin gerçəkləşməsi əsasında mümkünlüyünü təsvir etmişdir. Heydər Əliyevin Tanrı tərəfindən xalqa göndərilməsini, milləti düçar olduğu ağır dərddən xilas etməsini, xalqını, vətənini sevərək ömrünü bu yolda fəda etməsi ilə göstərir.
Şairin “Ürək yanğısı” kitabına daxil olan “Karvan yolu” bölməsindəki şeir nümunələri fəlsəfi mahiyyəti, bəşəriliyi ilə seçilir. Doğma vətəninin müstəqilliyi, firavanlığı ilə dünyaya qanad açan şairin səmavi şeirlərində ürəkdən süzülüb gələn etiraflar, həyatın təzadsız məqamları nəzmə köçüb:
Mən dünyanın firavan övladıyam,
Azad qəlbim, azad dilim var mənim.
Ürəklərə min gözəllik bəxş edən,
Azad yurdum, azad elim var mənim.
Bu gözəllikləri duyan və bunun içində xoşbəxt düşüncələrinə qovuşan şairin ilham pərisi Azərbaycan olduğundan yaradıcılıq eşqi də tükənmir və şeirləri ilə oxucuların ürəyinə yol tapır.
Rəsul Rzanın poeziyasının gücü, qüdrəti nəticəsində Azərbaycan milli poeziyasında, ədəbiyyatında neçə-neçə ədəbi nümunələr meydana gəldi. Belə nümunələrdən bir də şairin “Rəsul Rza demişkən” kitabıdır. Kitaba şairin onunla bağlı şeirləri və poeması daxil edilib. Bir şəcərədən üç xalq şair və yazıçısı Rəsul Rza, Nigar Rəfibəyli və Anara məhəbbət və ehtiramla qələmə aldığı əsərlər onların yaradıcılıq yoluna fərdi baxışın bir nümunəsi tək ortaya qoyulur.
“O, belə şair idi” şeirində Mövlud Teymur onun insani keyfiyyətlərindən, həyata baxışında səmimiliyindən söz açır. “Hər sözü məna dolu”, “Kür kimi dəli-dolu”, “Araz kimi gur idi” misralarında şairin Rəsul Rza şəxsiyyətinə mövqeyi açıq-aydın bəlli olur. Rəsul Rza vətən, el qeyrətli oğul idi – deyən şair onun həyatda tutduğu mövqeyə də etinasız qala bilmir.
Mövlud Teymur Rəsul Rza məktəbindən keçən və bu yolun çoxlarına örnək olduğunu nəzmə çəkir:
Bəhrələndi çoxları,
Qürrələndi çoxları.
Var eylədi yoxları,
Rəsul Rza məktəbi.
Rəsul Rza poeziyasına dərindən bələd olan müəllif şairin 1962-ci ildə qələmə aldığı “Rənglər” silsiləsində 20-ci əsr insanının mənəvi aləmini rənglərin doğurduğu assosiasiyalar vasitəsilə necə açıldığını belə diqqətə çəkir. Onun rənglər dünyası ilə baş-başa qalan şair ustalıqla təbiətin bizlərə bəxş etdiyi çalarları əlvanlıqla oxucusunun nəzərinə çatdırır.
Yaşıl bahardır,
Al qandır.
Qan-qadada olan Azərbaycandır!
Qovmaq olmur üstündəki
toz-dumanı, tüstünü!
Ehey…Boz sifətli, boz üzlər.
Mövlud Teymur geniş təfəkkürün sahibi, həyatı və insanları qiymətləndirməyi bacaran şairin haqq səsinə qoşularaq bu cür əsərlərin müəllifinə çevrildi. Ruhi qidası onun poeziyasında zəngindir.
Həyat, yaşamaq, ölüm, tale, kainatın sirləri böyüklüyü və dərk olunmazlığı – bu mövzular onun bəzi şeirlərinə romantik və fəlsəfi bir ruh verir. Mövludun şeirlərini fərqləndirən cəhətlərdən biri də sözünün özünə bənzər olmasıdır. Bu şeirləri oxuyan üçün onun xarakterini müəyyənləşdirmək o qədər də çətin deyil.
Mövlud Teymur çox sevdiyi uşaqları da yaddan çıxarmayıb, onlara da yaradıcılığında yer ayırıb. Bəlkə də Mövludun uşaq şeirləri yazmasını bir çoxu bilmir. Etiraf etməliyik ki, uşaq şeiri yazmaq çox çətindir. Böyük rus tənqidçisi Belinski deyirdi ki, uşaq şeiri yazmaq üçün uşaq şairi olmaq lazımdı. Uşaqlar üçün yazılmış şeirlər qısa, lakonik, öyrədici və tərbiyəvi əhəmiyyətli olmalıdı. Mövludun uşaqlar üçün yazdığı şeirlər “Çox sevirəm anamı”, “Qar bərəkətdir” kitablarında toplanıb. Bu kitablar müəllifin xəbəri olmadan da bir neçə dəfə nəşr edilib.
Mövlud Teymur “gəlimli-gedimli, son ucu ölümlü dünya”nın yolçusudur, haradan gəldiyini də bilir, haraya getdiyini də. Onun misraları qəlbindən su içir. Əslində, şeirlər şairin duasıdır. Tanrıya ünvanlanan dua. Bir də şeir şairin Allaha şükranlığıdır. Bu mənada Mövlud Teymuru xoşbəxt qələm sahibi hesab etmək olar. Azı ona görə ki, o, 70 illik bir zaman məsafəsində Allaha daha çox dua edən bəndələrdəndi. Çünki hər gün özünü sözlə, şeirlə ovudub, kədərini də, sevincini də onunla bölüşüb. Nə yazıbsa qəlbinin diktəsi, ürəyinin səsi ilə yazıb. O, bu gün də müqəddəs bildiyi yolla inamla, həvəslə irəliləyir…