Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
”İNFONEWS” xəbər verir.
Mayın 8-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və döyüş bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.
Diplomlar təqdim olunduqdan sonra məzunlar adından çıxış edən leytenant Orxan Bağırov Azərbaycan Sərhəd Mühafizəsinin zabit heyətinə daxil olmaları ilə fəxr etmələrini bildirib, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli dövlət bayrağımızın vüqarla dalğalandığı müqəddəs sərhədlərimizin keşiyində hər zaman şərəflə dayanacaqlarını ifadə edib. O, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnərək, Akademiyanı uğurla başa vurmaqda əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirib.
DSX Akademiyasının rəisi polkovnik Aqil Babayev çıxış edərək tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev məzunları Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə təbrik edib, gənc leytenantların DSX-nin zabitləri sırasına daxil olduqları ilin Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyini xüsusi vurğulayıb.
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazanması, Vətən müharibəsinin Tarixi Zəfərlə başa çatması qeyd olunub.
Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və qalibiyyət dastanı yazdıqları vurğulanaraq, müqəddəs savaşda həlak olmuş bütün qəhrəmanların və onların sırasında DSX Akademiyasının məzunu olmuş dörd sərhədçi-zabitin əziz xatirələri yad edilib.
Uzun illər ərzində döyüş və peşəkar hazırlıq, maddi-texniki təchizat, hərbi-vətənpərvərlik sahələrində tətbiq edilmiş sistemli və müasir yanaşmalar sayəsində əldə olunmuş nəticələrin Azərbaycan sərhədçilərinin Böyük Zəfərin qazanılmasında uğurlu iştirakına zəmin yaratdığı vurğulanıb.
Döyüş əməliyyatlarının ilk günündən Azərbaycan sərhədçilərinin 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumunun hərb salnaməsinə yazılması, düşmənin yüzlərlə canlı qüvvə və döyüş texnikasının məhv edilməsi, qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızın sancılması, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərinin qəhrəmancasına azad edilməsi xüsusi qeyd olunub.
Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçilərin xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən xüsusi qiymətləndirilməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulanıb.
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilərdən 4 zabitin DSX Akademiyasının məzunu olmaları, bu cür qəhrəmanların yetişdirilməsi və tərbiyələndirilməsində Akademiyanın pedaqoji və komandir heyətinin xüsusi rolu qeyd edilib.
DSX rəisi çıxışında dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son iki ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması, mayın sonunadək daha 6 yeni hərbi hissənin təmir-tikintisinin yekunlaşacağı barədə məlumat verib. İşğaldan azad olunmuş dövlət sərhədlərimizin mühafizə altına götürülməsinə gənc sərhədçi-zabitlərin önəmli töhfələr verəcəklərinə, dövlət sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqlarına əminlik ifadə olunub.
Mərasim başa çatdıqdan sonra DSX Akademiyasının məzunları ilə xatirə şəkli çəkdirilib.
Daha sonra gənc zabitlər dahi öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Hərbi Qənimətlər Parkında olublar.