“Əl Hərir” portalı Azərbaycanın Fransa və Kanadanın hərbi əsirlərə dair müraciətinə mövqeyi ilə bağlı xəbərini yayıb
”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına dair şərhini yayıb.
Ərəb dilində yayılmış xəbərdə qeyd olunub ki, Azərbaycan rəsmisi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini, hərbi əməliyyatlar dayandırıldıqdan 20 gün sonra hərbçilərini ərazimizə yeritdiyini, onların törətdikləri terror aktları nəticəsində 4 azərbaycanlı əsgərin həlak olduğunu deyib. O əlavə edib ki, Azərbaycan indiyədək 70 hərbi əsiri Ermənistana qaytarıb.
Xəbərdə qeyd olunub ki, Azərbaycan XİN-in rəsmisi Ermənistanın bu günədək hələ 1991-1994-cü illərdəki müharibə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlı haqqında məlumat vermədiyini də Fransa və Kanadanın xarici siyasət idarələrinin diqqətinə çatdırıb. O vurğulayıb ki, həmin ölkələrin nazirlikləri məsələyə birtərəfli yanaşmamalı, Ermənistanın qarşısında beynəlxalq hüquqa hörmət etməsi, bölgədə dayanıqlı sülhə əngəl olacaq fəaliyyət və əməllərdən çəkinməsi tələbini qoymalıdırlar. Əks təqdirdə, Azərbaycan cəmiyyətində hər iki dövlətə olan etimada ciddi zərbə vurulacaq.