Naxçıvan inkişaf və sabitlik diyarıdır
”İNFONEWS” xəbər verir.
Bu gün uğurlu inkişaf edən – tərəqqi yolunda inamla addımlayan Azərbaycan yeni nailiyyətlər qazanmaqla öz qüdrətini daha da artırır. Bunu mümkün edən əsas amil isə xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsidir.
Bunu açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir
Komitə sədri bildirib ki, milli tərəqqimizin mühüm xüsusiyyətlərindən biri də regionların tarazlı və sürətli inkişafının təmin olunmasıdır. Bu gün ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da uğurla inkişaf edir, qarşıya qoyulan hədəflər reallaşdırılır. Ümumiyyətlə, Naxçıvanın tənəzzüldən xilas olaraq inkişaf yoluna çıxmasının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1990-cı illərin əvvəlində olduqca gərgin və mürəkkəb şəraitdə olan muxtar respublika Ulu Öndərin misilsiz xidmətləri nəticəsində böyük uğurlar qazanıb. Ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında görülən işlər blokada şəraitində olan Naxçıvanın nailiyyətlərini davamlı edib.
Dövlətimizin başçısının mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin Vətəninə – Naxçıvana səfəri isə əlamətdar hadisə olmaqla yanaşı, muxtar respublikanın gələcək inkişafı baxımından çox önəmlidir. Prezident İlham Əliyev deyib: “Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.
Siyavuş Novruzov qeyd edib ki, dövlət başçısı səfər zamanı bir sıra infrastruktur layihələrinin açılışında iştirak edib. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir” deyib. Əlbəttə, bu gün Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nəticəsi kimi, muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunub, əhalinin rifahı daha da yaxşılaşıb. Muxtar respublika ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müasir standartlar əsasında təhsil müəssisələri, sağlamlıq ocaqları tikilib və ya əsaslı təmir olunub, respublika əhəmiyyətli və bütün kənd yolları yenilənib, yüksək səviyyəli infrastruktur quruculuğu həyata keçirilib, fasiləsiz elektrik, qaz və su təminatı yaradılıb. Bütün bunlar inkişaf və tərəqqinin bariz nümunəsidir. Eyni zamanda, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib.
Beləliklə, Naxçıvan bu gün Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür. Bir sözlə, dövlətimizin başçısının vurğuladığı kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
Müasir silahlar və texnikalarla təchiz edilmiş Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malik olduğunu sübuta yetirib
Komitə sədri bildirib ki, bu səfər zamanı Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında da iştirak edib. Ümumiyyətlə, həm Ulu Öndərimiz, həm də Prezident İlham Əliyev Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərib. Təsadüfi deyil ki, dövlət başçısının göstərişi ilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yaradılıb, ordu ən müasir silah və texnika ilə təchiz edilib.
Sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, Müzəffər Ordumuzun tarixi Qələbəsi ilə nəticələnən 44 günlük müharibədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak ediblər. Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri işğal altında olan rayonlarımızın, o cümlədən bu gün Azərbaycan mədəniyyətinin paytaxtı olan – əzəli torpağımız Şuşanın azad olunmasında mühüm rol oynayıblar. Təsadüfi deyil ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları göstərdikləri rəşadətə görə Prezident İlham Əliyevin müvafiq qərarları əsasında Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb, orden və medallarla təltif olunublar.
Əlbəttə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının öz vəzifə borclarını şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirmələri yüksək vətənpərvərlik ruhu ilə yanaşı, həyata keçirilən ordu quruculuğunun real nəticəsidir. Ötən müddət ərzində Əlahiddə Ümumqoşun Ordunun birləşmələrinin maddi-texniki bazası gücləndirilib, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, xidmətin nümunəvi təşkili təmin olunub. Hərbi kadr hazırlığı da bu prosesə dəstək verən əhəmiyyətli amillərdəndir. Ötən dövrdə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazasının möhkəmləndirilməsi, kursantlar üçün müasir tədris və məişət şəraitinin yaradılması isə ordumuzun peşəkar zabitlərlə təminatına mühüm töhfə olub.
“Bütövlükdə, Əlahiddə Ümumqoşun Ordu 2018-ci ildəki uğurlu Günnüt əməliyyatından sonra tariximizə şanlı Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsində də yüksək döyüş hazırlığına malik olduğunu sübuta yetirib. Şübhəsiz ki, Əlahiddə Ümumqoşun Ordu Ali Baş Komandanımızın döyüş əmrinə hazır, yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik qüvvə kimi bundan sonra da həm muxtar respublikanın müdafiəsinin etibarlı təşkilində, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunmasında vacib rol oynayacaq”, – deyə o bildirib.
Muxtar respublikanın inkişafında yeni mərhələ
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin görülməsi, o cümlədən regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunması ölkəmizin inkişafında yeni mərhələnin başlanmasını təmin edəcək. Bu barədə danışan Siyavuş Novruzov qeyd edib ki, ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Yeri gəlmişkən, mayın 10-da Prezident İlham Əliyevin tanış olduğu Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri də bu baxımdan olduqca böyük əhəmiyyət daşıyır. Dövlət başçısının bildirdiyi kimi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”.
Təbii ki, ölkəmizin liderliyi ilə regionda yeni infrastrukturun yaranması Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu proses uzun müddət blokada vəziyyətindən əziyyət çəkən Naxçıvan Muxtar Respublikasının daha sürətli inkişafı üçün yeni imkanlar yaradır. Əminliklə söyləmək olar ki, görülən bütün bu işlər muxtar respublikanın inkişafında yeni mərhələnin başlanmasını təmin edəcək.