Son günlər “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinə özünü Birliyin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs barədə müraciətlər daxil olub.
İB-dən “INFONEWS”a verilən məlumata görə, dələduzluq edən şəxs saxta xidməti vəsiqə ilə mənzillərə və fərdi yaşayış evlərinə yaxınlaşaraq abonentlərə qaz sayğacı və ya sayğacın kartının vaxtının bitdiyini bildirib.
Onların yenilənməsi üçün vətəndaşlardan 10, 20 və 30 manat məbləğində pul alıb.
Birliyin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək deyir ki, həmin şəxs ötən il də buna oxşar əməllər törədib.
Daxil olan müraciət və şikayətlərdən sonra polisə xəbər verilərək o, saxlanılıb.
Rəfail Əsgərov törətdiyi əməldən nəticə çıxarmayaraq, yenidən bu yola əl atıb. Birliyin xidmət sahəsinin əməkdaşları tərəfindən Rəfail Əsgərov üzərində Röyal Əsgərov adı yazılan saxta xidməti vəsiqəsi ilə dələduzluq edərkən iş başında saxlanılıb və polisə təhvil verilib.
O, əsasən paytaxtın Nizami və Nəsimi rayonlarında abonentlərin aldadılması ilə məşğul olub.
“Azəriqaz” İB olaraq abonentlərdən bu cür dələduzluq halları ilə qarşılaşdıqları zaman diqqətli olmaları, “Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı “Çağrı Mərkəzi”nə və polis orqanlarına məlumat vermələri xahiş olunur.