Növbəti attestasiya imtahanları başlayıb

Növbəti attestasiya imtahanları başlayıb

”İNFONEWS” xəbər verir.

Muxtar respublikanın musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanları başlayıb.

Attestasiya imtahanları müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin müvafiq dərs yükü normasının optimallaşdırılmasının təmin edilməsi məqsədilə aparılır.

İmtahanlar test üsulu və müsahibə vasitəsi ilə iki mərhələdə keçirilir. Orta ixtisas musiqi təhsili müəssisələri üçün test imtahanı zamanı iştirakçılara 120 dəqiqə vaxt ərzində, ümumilikdə, 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyaları üzrə 10 test tapşırığı verilir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün test imtahanı zamanı iştirakçılara müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim olunur və bu tapşırıqların yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt ayrılır. Hər iki halda hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. Müsahibə zamanı müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılacaq.

Müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq. Bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər iş yerini dəyişərlərsə, həmin müəllimlərdən təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur. Təkrar qiymətləndirmədə iştirak etməyən və keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunacaq və həmin müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir