İran səfirliyinin Mədəniyyət Mərkəzinin Şərqşünaslıq İnstitutuna hədiyyə etdiyi kitabların təqdimatı olub
”İNFONEWS” xəbər verir.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mayın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
İnstitutdan bildirilib ki, G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə səfirə məlumat verərək, iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin elmimizə bu sahədə verdikləri böyük töhfələrdən ətraflı danışıb. Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən institutun direktoru bu cür görüşlərin hər iki tərəfin elmi əlaqələrinin genişlənməsinə böyük fayda verdiyini qeyd edib.
Seyid Abbas Musəvi Azərbaycan–İran münasibətlərindən danışaraq elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən Şərqşünaslıq İnstitutuna hədiyyə edilən kitabların təqdimatı olub. G.Baxşəliyeva səfir Seyid Abbas Musəviyə və Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcana təşəkkürünü bildirərək, bu kitabların iranşünas alimlərin tədqiqatları üçün faydalı olacağına əminliyini bildirib.