Peşə təhsili sahəsində menecerlərin hazırlığı üzrə təlim proqramına start verilib

Peşə təhsili sahəsində menecerlərin hazırlığı üzrə təlim proqramına start verilib

”İNFONEWS” xəbər verir.

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) gələcək peşə təhsili menecerləri üçün yeni təlim proqramına başlayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, “Peşə təhsilində liderlik və idarəetmə” proqramı iyul ayının ortalarına qədər davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılar peşə məktəblərində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə işə qəbul zamanı üstünlüyə malik olacaqlar. 9 həftəlik intensiv proqramda iştirak üçün müraciət etmiş 250 nəfərdən 25-i seçilib. Seçim prosesi müsahibələr də daxil olmaqla iki mərhələdə keçirilib. Qiymətləndirmə komitəsində PTDA əməkdaşları və layihə mütəxəssisləri yer alıb.

Təlim kursu 120 saat olmaqla və 5 modulu əhatə edir. Buraya liderlik, strateji planlaşdırma və idarəetmə, monitorinq və qiymətləndirmə prosesləri, keyfiyyət təminatı sistemləri, maliyyə və inzibati idarəetmə, peşə təhsili sahəsində mövcud qanunvericilik və strateji sənədlərlə iş daxil olmaqla müxtəlif istiqamətlər aiddir. Kursun məqsədi müasir dövrdə peşə təhsil sisteminin tələbləri ilə ayaqlaşmaq üçün iştirakçıları müvafiq bilik və bacarıqlarla təchiz etməkdir. Proqramın sonunda sessiyaları uğurla başa vuran namizədlər sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, peşəkar təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda peşə məktəblərini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə dəstək olmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir