Əqli mülkiyyət hüquqlarının qorunmasına dair məsələlər müzakirə edilib

Əqli mülkiyyət hüquqlarının qorunmasına dair məsələlər müzakirə edilib

“İNFONEWS” xəbər verir.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun onlayn şəkildə növbəti görüşü keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, komitənin aidiyyəti strukturlarının əməkdaşları, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, icraçı direktorun müavini Nigar Bayramlı, palatanın mütəxəssisləri və sahibkarlar iştirak ediblər.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, görüşdə əqli mülkiyyət hüquqlarının qorunması, bu sahədə gömrük orqanları tərəfindən görülən işlər və əməkdaşlığın gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru T.Baumann Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqdan məmnunluqla bəhs edib, ekspertlər arasında qarşılıqlı fəaliyyət və məsləhətləşmə, birgə tədbirlərin keçirilməsi istiqamətində səmərəli əlaqələrin qurulduğunu bildirib. T.Baumann əqli mülkiyyət hüquqlarının qorunması sahəsində də gömrük orqanları ilə birgə fəaliyyətin vacibliyindən danışıb və görüşün həm gömrük orqanları, həm da sahibkarlar üçün faydalı olacağına əminliyini ifadə edib.

DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi S.Qaralov Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə səmərəli və işgüzar əlaqələrin qurulduğunu, qarşılıqlı faydalı münasibətlərin gömrük işinin təşkilinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, gömrük-biznes əməkdaşlığının gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.

O, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi istiqamətində görülən işlərin, “Yaşıl dəhliz” buraxılış sistemi, informasiya texnologiyaları və könüllü riayət prinsiplərinə əsaslanan layihələrin xarici ticarət iştirakçıları üçün əhəmiyyətindən danışıb. Əqli mülkiyyət hüquqlarının qorunması üçün görülən işlərdən bəhs edən S.Qaralov bu sahədə qarşılıqlı işgüzar münasibətlərin ümumi işə fayda verəcəyini bildirib.

Sonra DGK-nın Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük reyestrinə daxil edilməsi” mövzusunda təqdimatla çıxış edib. Eyni zamanda, Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü olan BHM hüquq şirkətinin nümayəndəsi Türkan Hacıyeva mövzu ilə bağlı təqdimat keçirib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir