BDU əməkdaşlarının şəhid ailəsi ilə görüşü

BDU əməkdaşlarının şəhid ailəsi ilə görüşü

”İNFONEWS” xəbər verir.

Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsi dövründə şəhid olan tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.

Universitetdən bildirilib ki, BDU-nun bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi, Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevin doğum günündə ailəsi ilə görüşüb. BDU və Missiya TV internet televiziyasının “Bakı Dövlət Universitetinin tarix yazan qəhrəman şəhid məzunları” layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, universitetin Tələbə Gənclər Təşkilatının fəal üzvü Əli Qədirli və şəhid Ceyhun Şalıyevin tələbə yoldaşı, fakültənin akademik məsləhətçisi Nuray Əliyeva şəhidin məzarını ziyarət ediblər.

Görüşdə çıxış edənlər Ceyhun Şalıyevin Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən C.Şalıyevin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.

Şəhid Ceyhun Şalıyevin dayısı Gəray Məmmədov diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, məhz dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər dayısı kimi fəxr etdiyini deyib.

Qeyd edək ki, Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir