Astarada muzdla çalışan işçilərin əməkhaqqı 2,3 faiz artıb
”İNFONEWS” AZƏRTAC’a istinadən xəbər verir.
2021-ci il aprel ayının 1-dək olan məlumata əsasən, Astara rayonunda muzdla çalışan işçilərin sayı 8425 min nəfər olub. Onlardan 6268 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2157 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda muzdla işləyənlərin 41,6 faizi təhsil, 21,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5 faizi sənaye, 11,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,1 faizi tikinti, 5,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,7 faizi peşə, elmi və texniki fəaliyyət, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olanlardır.
Diqqətə çatdırılıb ki, muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 441,3 manat təşkil edib.
İqtisadiyyatın emal sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.