Argentinada 28 May- Respublika Günü münasibətilə virtual tədbir keçirilib

Argentinada 28 May- Respublika Günü münasibətilə virtual tədbir keçirilib


”İNFONEWS” xəbər verir.

Buenos-Ayres şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyinə həsr edilmiş virtual tədbir keçirilib.

Ölkəmizin Argentinadakı səfirliyinin təşəbbüsü, La Plata Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” kafedrası və “Equilibrium global” analitik mərkəzinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə səfir Rəşad Aslanov əsas natiq qismində çıxış edib.

R.Aslanov çıxışında qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının keçmişin müəyyən dövrlərində tarixin diqtəsi ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyərində qaldığını və Azərbaycan Xalq Cümhuriyyətinin məhz dünyanın siyasi nizamının yenidən qurulduğu vaxtda, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın tərəqqipərvər elitasının müstəqil milli dövlətçilik uğrunda mübarizəsi nəticəsində yaradıldığını bildirib.

R.Aslanov gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi, həmin dövr üçün mütərəqqi hesab edilən fəaliyyətləri barəsində danışıb və mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Cümhuriyyətin bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək, irqi, milli, dini və sinfi bərabərsizliyi ortadan qaldırdığını vurğulayıb. Bu xüsusda, AXC-nin qadınlara seçki hüquqi verməsini xüsusi qeyd edib.

1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə, 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən AXC-nin siyasi varisi olduğunu bildirən R.Aslanov ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun uzaqgörən siyasəti nəticəsində ölkəmizin müstəqil dövlət kimi dünyanın siyasi arenasında öz yerini tutması, iqtisadiyyata dair islahatlar və neft strategiyasının işlənib hazırlanması və nəticədə Azərbaycanın regionun lider dövlətinə çevrilməsi prosesi barəsində danışıb.

Bu il Azərbaycan xalqının ən sevimli bayramlarından olan 28 May – Respublika Gününü qürur və fəxarətlə dolu xüsusi əhval-ruhiyyədə qeyd etdiyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyini və AXC-nin bizə ötürdüyü şərəfli irsin atributu olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə dalğalandığını diqqətə çatdırıb.

Sonda R.Aslanov Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal və regional miqyaslı enerji və infrasturktur layihələr barədə məlumat verərək, Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi ilə Cənubi Qafqaz regionunda hərtərəfli inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq üçün çoxsaylı imkan və perspektivlər yarandığını və bunun regionda uzunmüddətli sülh və tərəqqinin bərqərar olmasında önəmli rol oynayacağını, eləcə də Azərbaycanın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu və konkret təkliflərlə çıxış etdiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir